Rəsulzadə Məhəmməd Əmin

STALİNLƏ İXTİLAL XATİRƏLƏRİ

Elektron nəşr
(UTF-8 sistemi)

Hazırladı:
Rafiq Məmmədli
mail@mammadli.az

Kitabın kağız nəşrinin
Redaktoru:
akademik Ziya Bünyadov
Çapa hazırlayanı: Nəsib Nəsibzadə
Bakı, Elm nəşriyyatı, 1991, 84 səh., ISBN 5-8066-0472-6


İçindəkilər

- Ön söz

- M. Əmin Rəsulzadə kimdir?

- Çarlığa qarşı mücadilə yarım yüz il öncə

- Azərbaycan Cümhuriyyətinin bolşeviklər tərəfindən işğalı

- Moskva yolunda

- Moskvada iki il

- Moskvadan fərar

- Nəticə

Kitabça Məhəmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarətdir. Buraya böyük vətəndaş XX əsrin əvvəllərində çarizmlə mübarizə gedişində Stalinlə bağlı hadisələri xatırlayır, bilavasitə iştirakçısı olduğu hadisələr fonunda Stalinin siyasi portretini yaradır, bu proseslərin xarakterini açır. Müstəqil Azərbaycan respublikasının işğalından sonra başına gələn sərgüzəştlər, Stalinlə məşhur görüşü incələnir. Azərbaycan tarixi və ictimai fikri üçün son dərəcə maraqlı olan bir sıra mətləblər açılır.
Vətən tarixinin çox əhəmiyyətli bu dövrü və M.Ə.Rəsulzadənin şəxsiyyəti, eləcə də stalinizmin anatomiyası ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

ÖN SÖZ

Keçmişini bilməyən bu gününü dərk edə bilməz həqiqəti bayağı olduğu qədər də acıdır. Qoçaqlar illərlə qılınc və qələm çaldılar... nəticədə keçmişindən xəbərsiz manqurd nəsil yetişdi. Lakin elə həmin nəslin özünü-özgəni, böyüyünü-kiçiyini, xilaskarını-xəyanətkarını tanımaq istəyi, xoşbəxtlikdən, sonsuzdur. Bu istəyə cavab olaraq əlinizdə tutduğunuz kitabçanı çapa hazırlamağı lazım bildik.

Böyük vətəndaş Məhəmməd Əmin Rəsulzadənin Stalinlə bağlı xatirələri Türkiyədə “Dünya” qəzetinin 1954-cü il may-iyun nömrələrində 28 məqalədə çap edilmişdir. “M. Əmin Rəsulzadə kimdir?” adlı bioqrafik yazı da bu məqalələrə əlavə edilmişdir.

M.Ə.Rəsulzadənin xatirələrinin tam adı orijinalda “Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri” adlanır. Bu əsər bir qayda olaraq “Stalinlə ixtilal xatirələri” kimi məşhur olduğundan biz də onu məhz bu adla təqdim etməyi münasib gördük.

Onu da deməliyik ki, bu məqalələrin foto surətini dostu doktor Əli Yavuz bəy Ağpınar göndərmişdir.

Xatirələrdə Stalinin və stalinizmin anatomiyasının açılması ilə yanaşı, əsrimizin ilk onillərində Azərbaycanda gedən çox maraqlı proseslər təsvir edilir. Onu çapa hazırlayarkən hər hansı izahat verməkdən çəkindik. Bizim işimiz Məhəmməd Əmin Rəsulzadənin üslubunu mümkün qədər saxlamaqla, geniş oxucu üçün rahat olsun deyə İstambul ləhcəsinə xas sözlər və ifadələrin (məs.: nasıl, kəndi, şöylə, böylə), artıq arxaikləşmiş ərəb-fars tərkiblərinin qarşılığını verməkdən, eləcə də yenə İstambul ləhcəsi üçün xarakterik olan fel sonluqlarını (məs.: gəliyorum, gediyorum) dəyişdirməkdən ibarət olmuşdur.

Məhəmməd Əminin üslubuna xələl gəlməsin deyə ara-sıra vacib qarşılıqlı sözləri mötərizədə verməyi lazım bildik.

XX əsr Azərbaycanının ən dəyərli şəxsiyyətinin çox maraqlı siyasi xatirələri ilə istəkli oxucuların görüşünü ləngitməmək üçün yalnız onu deməklə kifayətlənək ki, orijinaldakı cümlələrin quruluşu olduğu kimi saxlanılmışdır.

M. ƏMİN RƏSULZADƏ KİMDİR?

Sabahdan etibarən dördüncü səhifəmizdə çox maraqlı xatirələrini oxuyacağınız Məhəmməd Əmin Rəsulzadə Qafqazda Azərbaycan cümhuriyyətinin təşəkkülündə və milli qurtuluş hərəkatında tarixi rolu olan Milli Azərbaycan “Müsavat” Xalq Partiyasının liderliyinə 1917 və 1919-cu illərdə Bakıda toplanan partiya qurultaylarında yekdilliklə seçilmişdir.

28 may 1918-ci ildə cümhuriyyətin istiqlalını elan edən Azərbaycan Milli Şurasının sədri idi. Mühacirətdə Azərbaycan milli hərəkatını illərdən bəri təmsil edən Milli Azərbaycan Mərkəzinə sədrlik etmişdir.

Müsəlman dünyasının tanınmış bir mühərriri olan Rəsulzadə 1905-1908-ci illər arasında Bakıda intişar edən türkcə qəzetlərdə işləmiş; 1915-1917-ci illərdə yenə Bakıda məşhur “Açıq söz” qəzetini təsis və nəşr etmişdir. 1908-1911-ci illər arasında Tehranda İran üçün ilk dəfə olaraq Avropa üsulunda gündəlik “İrani-nou” qəzetinin müdir və baş redaktorluğunu etmişdir (bu xüsusda bax: E.Brown. Nisfory literary of Persia. London). İstambulda çıxan çeşidli türk qəzet və jurnallarında (o cümlədən “Türk yurdu”) çalışmış və 1923-cü ildən 1929-cu ilə qədər İstambulda nəşr olunan Azərbaycan jurnallarını idarə etmişdir.

Qafqazlılar arasında tanınmış siyasət adamıdır: Mavərayi-Qafqaz seymində (1918) müsəlman fraksiyasına sədrlik etmiş, Maverayi-Qafqaz hökumətinin 1918-ci ildə Trabzona, sonra da Batuma, o zamankı Türkiyə nümayəndələri ilə müzakirəyə göndərdiyi heyətlərdə iştirak etmişdir.

***

1884-cü ildə Bakıda doğulmuş Məhəmməd Əmin Rəsulzadə hələ gənc ikən siyasi həyata atılmış, 1903 və 1904-cü ildən etibarən çar rejimi əleyhinə gizli fəaliyyətlərdə iştirak etmişdir. Özünün təşkil etdiyi azərbaycanlı gənc inqilabçılar dərnəyinə başçılıq etmişdir. Bu arada konspirasiya şərtləri içində Stalinlə təmasa girmiş və aralarında yaxşı münasibətlər təsis olunmuşdur. 1908-1910-cu illərdə İrandakı məşrutə hərəkatına qoşulmuş, burada İran Demokrat Partiyasının Mərkəzi Komitəsinə daxil olmuş və bu partiyanın ideologiyasını həmin partiyanın lideri Seyid Həsən Tağızadə (İran senatının sədri) ilə birlikdə işləmişdir.

1910-cu ildə İranda nüfuzu qüvvətlənən çar hökuməti səfarətinin tələb və təzyiqi ilə oranı tərklə İstambula gəlmişdir. Burada Türkiyə siyasi cəmiyyətləri, o cümlədən Türk ocaqları ilə bərabər çalışmış; eyni zamanda buradan, Bakıda təşkilatlanmaqda olan gizli Azərbaycan fəaliyyətilə təması davam etdirmiş və 1911-ci ildə “Müsavat” Partiyasının təsisini təşviq etmişdir.

1913-cü ildə Romanovlar sülaləsinin 300 illik səltənət yubileyi münasibətilə elan olunan əfvi ümumidən istifadə edərək Bakıya qayıtmış, burada həm nəşriyyata başlamış, həm də gizli “Müsavat” Partiyası çalışmalarına və yarım gizli bir neçə təşkilat və cəmiyyətlərin fəaliyyətlərinə müyəssər olmuşdur.

1915-ci ildə I dünya müharibəsi əsnasında Bakı hərbi qubernatoru tərəfindən həbs edilmiş və 1917-ci ildə hərbi məhkəməyə verilmək üzrə ikən Rusiyada zühur edən inqilab üzündən azad olunmuşdur.

1917-ci ildə Milli Azərbaycan “Müsavat” Xalq Partiyası birləşmiş qurultayı ilə eyni ildə Bakıda toplanan Qafqaz Müsəlmanları qurultayında Qafqaz ilə Azərbaycanın Rusiyadan ayrılaraq muxtar və müstəqil olmaları tezisini müdafiə etmiş; eyni ilin mayın 10-da Moskvada toplanan Rusiya Müsəlmanları qurultayında Rusiyanın milli dövlətlərə parçalanmasını istəyən bir qərar layihəsini qəbul etdirmişdir.

Bundan sonra Tiflisdə toplanan Mavərayi-Qafqazın Rusiyadan ayrılmasını tələb etmiş və bu tələb 1918-ci ilin fevralında qəbul olunmuşdur.

1918-ci il mayın 26-da Maverayi-Qafqazın parçalanması üzündən Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Azərbaycan cümhuriyyətinin istiqlalını elan etmiş və bu şuranın sədri sifətilə M.Ə.Rəsulzadə Osmanlı hökumətilə bir müqavilə imzalamışdır. Bu müqaviləyə görə türk ordusu bolşevik istilası altında olan Bakının qurtuluşu üçün Azərbaycan silahlı qüvvələrinə yardım etmişdir.

***

Cümhuriyyətin rus bolşevikləri tərəfindən istilasından sonra (27 aprel, 1920) M.Ə.Rəsulzadə həbs olunur. Həbsdə ikən Stalin onu ziyarət edir. Nəticədə Moskvaya aparılır və orada iki il göz dustağı olur. 1922-ci ildə Fin körfəzi üzərindən qaçaraq Avropaya çıxır, oradan İstambula gəlir və burada nəşriyyat və siyasi fəaliyyətini davam etdirir.

Dövri və davamsız nəşriyyatla bolşevik siyasətini, xüsusən kommunistlərin Şərq siyasətini ifşa edir. Sovet intriqaları ilə diplomatik demarşları nəticəsində İstambulu tərkə məcbur qalınca o, öz çalışmalarını Avropaya köçürür. Burada “Promotey” cəmiyyətində (Rusiya məzlum millətlərinin birləşmiş cəbhəsi) və 1934-cü ildə Qafqaz konfederasiyası paktını imzalayan Qafqaz Millətləri Birliyində çalışır. Rusiya məzlum millətlərinin müştərək orqanı olub Parisdə fransızca intişar edən “Promotey” jurnalında müntəzəm məqalələr dərc etdirir (1928-1939).

İkinci dünya müharibəsi onu dörd il yaşadığı Varşavada yaxalayır. Polşalı dostları ilə birlikdə Buxarestə gəlir. Almaniyanın Sovet Rusiyası ilə başlanan müharibəsi əsnasında Almaniya Xarici İşlər nümayəndəsi fon Şulenberqin (sonra Hitlerə sui-qəsd hadisəsində iştirakına görə öldürülən) dəvəti ilə 1942-ci ildə qafqazlı digər millətlərin nümayəndələri ilə birlikdə Berlinə gəlir. Qafqazın və o cümlədən Azərbaycan cümhuriyyətinin müqəddəratı ətrafında müzakirələrə girişir və nasistlərin millətlərin istədiklərini anlamaq qabiliyyətindən məhrum olduqlarına, Almaniya hökumətinin Azərbaycan xalqının haqqlarını tanımaq istəmədiyinə və milli qurtuluş hərakatının gərəkliyinə hörmətsiz olduqlarına qənaət gətirərək, Almaniya siyasəti haqqındakı mənfi düşüncələrini 5 avqust 1943-cü il tarixli bir memorandumda bəyan edərək Berlini tərklə Buxarestə qayıdır.

1944-cü ildə bolşeviklər Buxarestə yaxınlaşınca hadisələr onu Qərbə çəkilməyə məcbur edir. İsveçrəyə getmək üçün viza almaq imkanında olmadığından İsveçrə sərhəddinə yaxın Freyburq 1/B şəhərinə gəlir. 1944-cü ilin oktyabr ayında bu şəhər qorxunc hava hücumuna məruz qaldığından o, mərkəzi Almaniyaya sığınmağa məcbur olur. 24 aprel 1945-ci ildə Amerika işğal məntəqəsində olur. Nəhayət, 1947-ci ilin sentyabrında Türkiyəyə gələ bilir və o zamandan bəri Ankarada yaşayır. Türk ensiklopediyasında çalışır. 1951-ci ildə Türkiyə Cümhuriyyəti Milli Təhsil nəşriyyatında “Azərbaycan şairi Nizami” adına kapital bir əsəri çap edilmişdir. Sovet Rusiyası və Azərbaycan mövzularına dair müxtəlif məqalə və risalələri nəşr olunur. Kommunizm əleyhində və Qafqaz davası lehindəki inadlı mübarizəsini davam etdirir.

“Dünya”, 21 may 1954-cü il


STALİNLƏ İXTİLAL XATİRƏLƏRİ

Stalinə nekroloq yazanlardan biri məqaləsinə: “Fantastik adamın fantastik karyerası bitdi; 73 il əvvəl Qoridə fəqir bir pinəçi ailəsində doğulmuş oğlan Kremldə dünyanın ən böyük imperatorluğunun ən böyük diktatoru olaraq öldü” - deyə başlayır.

Həqiqətən də bəşəriyyətin yaşadığı bütün dünya tarixində İosif Vissarionoviç Cuqaşvili - Stalindən daha mütləq bir hökmdar yoxdur. Mühüm dərəcədə onun şəxsi fəaliyyətilə yaradılmış Sovet rejimindən daha totalitar bir rejim dünyada mövcud olmamışdır.

Dövrümüzün tarixini yazanlar tarixin bu ən böyük müstəbidi haqqında cürbəcür hökmlər verəcək, onun allahlaşdırılan şəxsiyyətini müxtəlif mövqelərdən təhlil edəcəklər. Fəqət biz onu bir küll olaraq ələ almaq niyyətində deyilik. Ən qorxunc rus çarlarına nəsib olmayan bir iqtidarla 30 ilə yaxın bir müddətdə Sovet imperatorluğundakı iki yüz milyon insanın müqəddəratına hökm edən, yer kürəsinin üçdə birini kontrolu altına almış, bütün dinləri inkar edən kommunist dininin bir peyğəmbəri sayılan, totalitarlar totalitarı bir rejimin ən böyük nümayəndəsi Stalini, onun necə bir demaqoq, bir diplomat, bir diktator və necə bir terrorist, bir ixtilalçı (inqilabçı), bir marşal, bir generalissimus, fironlara, Neronlara, Çingizlərə rəhmət oxutduran bir tiran, bir qızıl çar olduğunu azad millətlər cəmiyyətində bilməyən bir kimsə yoxdur. Bilinənləri təkrar etmək istəmirik.

1905 və 1917-ci illərdə Rusiya şərtləri daxilində ortaya çıxan sosialist cərəyanlarına mənsub ixtilalçılar arasında adi bir şəxsiyyət olub, çox da əhəmiyyət verilməyən Stalinin mumiyalanmış cəsədi indi Marksdan sonra kommunizmin ikinci peyğəmbəri Leninin mumiyalanmış cəsədi yanında yatır.

Leninizm marksizmin bir təfsiri olaraq meydana gəlmişdi; stalinizm hər ikisini təkmil etmiş bir sistemdir. Hitlerin nasional-sosializm formulunu çevirib sosial-nasionalizm halına qoyan stalinizmi yaxşıca qavraya bilmək üçün Stalinin fantastik şəxsiyyətini haqqıyla anlamaq lazımdır. Bunu yapa bilmək üçün tarixçilərin Stalin haqqında yazılan xatirələri, nəql olunan təəssüratları və anladılan müşahidələri material olaraq gözdən keçirmələri lazım gələcəkdir.

Stalinizmin meydana gəlməsinin xarakterik cizgilərini əslinə yaxın bir şəkildə təsvir edə bilmək üçün hər kəsin özünə görə gördüyü və anladığı “Stalin”lərin qarşılaşdırılmasında, şübhəsiz, böyük bir fayda vardır.

Eyni dövrdə, eyni şərtlər daxilində, eyni nəslə mənsub olaraq yaşayan, dürlü zamanlarda, dürlü şərtlər altında Stalinlə bu və ya başqa şəkildə təmasa gəlmiş bulunan bir adam sifətilə xatirələrimin ona aid olan qismini nəşrə qərar verdim. Çarlıq rejiminə qarşı mücadilə Sovet istilası və əsarəti, Moskva yolunda, Moskvada iki il və Moskvadan qaçış fəsillərini ehtiva edən bu xatirələr çağdaş tarixçilərin işinə yarayarsa, sərf edilən əmək boşa getməmiş olar qənaətindəyəm.

Bu xatirələri Stalin həyatda ikən edilən bəzi təkliflərə rəğmən nəşr etmək istəməmişdim; çünki obyektiv olaraq nəql olunacaq hadisələrin bir qismi, bir baxımdan, qərəzli izaha yer qoya bilərdi. İndi isə bu ehtimal meydandan qalxmış, Stalin artıq tarixə qarışmışdır.

ÇARLIĞA QARŞI MÜCADİLƏ YARIM 100 İL ÖNCƏ

Qafqazın bir parçasını təşkil edən məmləkətin - Azərbaycanın Rusiya imperatorluğu tərəfindən istilasından yüz ilə yaxın bir zaman keçirdi. Bu dövr əsnasında bütün milli müəssisələrimizi dağıtmaq politikasını güdən çarlıq məqsədinə pək də nail olmamışdı. Milli özəllikləri (xüsusiyyətləri) heç bir zaman unutmamış xalqımızda hürriyyət və milli istiqlal fikirlərini mənimsəyən yeni bir münəvvər nəsil yetişmişdi: bu nəsil mənsub olduğu kütləyə istifadə edə bildiyi vasitələrlə xidmət etmək istəyirdi.

1903-cü ildə Uzaq Şərqdə tarixi bir hadisə baş göstərdi. Avropa mədəniyyətinə uyğunlaşmış Yaponiya Susima açıqlarında qoca rus imperatorluğunun ta Baltik dənizindən qalxaraq gələn hərb gəmisini bir həmlədə suyun dibinə batırdı; arxasından Port-Arturun fəthi və bir-birini qovalayan yapon zəfərləri gəldi.

Bütün dünyanı, xüsusilə Yaxın Şərq ilə şəxsən Rusiyanı həyəcana verən bu hadisə çarlığın əsrlər görmüş binasını sarsıtdı. Rusiya daxilindəki hürriyyət və ixtilal ünsürləri hərəkətə gəldilər: bunlar çar rejimindən məmnun olmayan xalq kütlələrini inqilablaşdırmaq üçün əllərindən gələni əsirəmədilər. Bu məqsədlə hər tərəfdə hürriyyət və demokratik fikirlərini yayan təşkilatlar quruldu.

Çarlığa qarşı mücadilə (mübarizə) edən siyasi zümrə və siniflər çarlığı təşkil edən millətlər, zümrələr və siniflər qədər hər cür rəng və ahəng daşıyan bir çox partiyalara ayrılmışdılar. Fəqət bütün müxalifət və ixtilal partiyası və qruplarını müştərək bir bölünmə xətti ilə iki cəbhəyə ayırmaq qabildi. Bunlardan bir qismi Rusiyada parlamentli bir idarə təsisi ilə kifayətlənir, mütləq çarlıq (çarizm) rejimi yerinə məşruti (konstitusiyalı) bir krallıq qurmaq istəyirdi. Bunlar liberal-burjua partiyaları idi. Radikal-demokratlarla sosialistlər ikinci qismi təşkil edirdilər. Bunlar çarlığın devrilməsini, yerində demokratik bir cümhuriyyət rejiminin qurulmasını tələb edirdilər. Eyni zamanda siyasi bir inqilabla kifayətlənməyən bu qrupa daxil olan sosialist partiyaları Avropa kapitalizmindən fərqli sosial bir reform proqramının tətbiqini də vacib görürdülər.

Sosialist partiyaları idealist-xalqçı ideologiyasında sosialist-devrimçilərlə (qısaca eser), tarixi materializm ideologiyası daşıyan sosial-demokrat (qısaca esde) zümrələrinə ayrılırdılar.

Bolşevik-menşevik mücadiləsi

Sosial-demokratlar məşhur London konqresində (1903) ikiyə parçalanmış; bir qolu Leninin liderliyində bolşevik, digər qolu da Martovun liderliyində menşevik fraksiyalarını təşkil edirdilər.

O sıralarda Qafqaz çarlıq idarə sistemi daxilində bir visruvalıq (vitse-krallıq, canişinlik) şəklində idarə olunurdu. Əksəriyyətlə çar xanədanına mənsub bir prins tərəfindən idarə olunan Qafqazın idarə və intellektual mərkəzini təşkil edən Tiflisdə menşeviklər, petrol ocaqları (neft mədənləri) ilə olduqca çiçəklənmiş bir sənaye mərkəzi olan Bakıda mədən və liman işçiləri arasında isə bolşeviklər yuva qurmuşdular. Sosial-demokrat partiyası Tiflis ilə Bakıda adətən bir qərargah qurmuş, bu iki düşmən fraksiyası ixtilal hərəkatı üzərində müəssir olmaq üçün Qafqazın xalq kütlələrini qazanmağa çalışırdılar.

Məlum olduğu üzrə bu iki fraksiyanı bir-birinə toqquşduran ana mövzu məşhur taktika məsələsi idi. Menşeviklər rejimə qarşı siyasi yolla mübarizə edərək çarlığı devirmək, yerinə cümhuriyyət idarəsi qoymağa tərəfdar olub, sosializm prinsiplərinin sosial quruluşda müəssir olmasını tələb etdikləri halda, mövcud kapitalizm şərtləri içində sosial bünövrənin cəbr və inqilab yolu ilə deyil, tədrici evolyusiya üsulları ilə gəlişdirilməsini (inkişafını) tövsiyə edirdilər; bu məqsədlə onlar burjua sinfinin çarlıq rejimi əleyhində olan liberal və radikal zümrələri ilə siyasi koalisiya yapmağı lüzumlu görürdülər. Bir inqilab partiyası olaraq konspirasiya və gizli fəaliyyətdə olmasına baxmayaraq, bu fraksiya üzvləri şərtlər əlverişli olunca qanuni imkanlardan da istifadə etməyi lüzumlu bulurdular: bu məqsədlə onlar işçi (fəhlə) sindikalarına soxularaq bunları işçi sinfinin həqiqi mənfəətlərini müdafiəyə ilk sırada önəm verməyə təşviq edirdilər. Bir ixtilal partiyası olaraq bulunduğu konspirasiya şərtləri daxilində belə menşeviklər demokratik üsullara sədaqəti zəruri görür, təşkilata daxil komitələrin aşağıdan yuxarıya gələn demokratik bir seçim ierarxiyasına qəti bir önəm verirdilər.

Halbuki bolşeviklər buna tamamilə zidd olan bir taktika yeridirdilər; bir kərə bunlar burjua partiyaları ilə hər cür koalisiyanın əleyhində idilər; siyasi bir sistem olaraq, çarlıq rejimi ilə birlikdə onlar iqtisadi bir sistem olaraq kapitalizmi də devirmək əzmində idilər. İşçi sindikalarına, işçilərin ekonomik mənfəətlərini müdafiədən ziyada bunları rejimə qarşı daima müxalif və mücadilə edən bir ixtilal orqanı kimi baxırdılar. Partiyanın öz içindəki təşkilat sisteminə gəlincə, aşağıdan yuxarıya gedən bir demokratik sistemi deyil, yuxarıdan aşağıya gələn bir ixtilal sistemini müdafiə edirdilər. “İnqilabçı azlıq” hakimiyyəti və mərkəziyyət bolşevik partiyasının dəyişməz şüarı idi.

O zamankı şərtlər daxilində Bakı

Azərbaycan cümhuriyyətinin paytaxtını təşkil edən Bakı o zamankı şərtlər daxilində yalnız Rusiyada sosialist cərəyanlarının və çar əleyhdarı hərəkatların qaynar bir ocağı deyil, eyni zamanda Qafqazda yaşayan müsəlmanların və xüsusilə Azərbaycan türklərinin milli hərəkatına mərkəzlik yapan bir şəhər idi.

Milli Azərbaycan hərəkatının hər dürlü siyasi, sosial, iqtisadi və kültürəl (mədəni) hərəkatları üzərində müəssir olan mərkəzi müəssisələr əksəriyyətlə burada bulunurdu. Bakı sənayesində, petrol ocaqlarında çalışan işçilərin böyük bir qismi ilə orta məktəblərdə təhsil edən gəncliyin mühüm qismini Azərbaycan türkləri təşkil edirdilər. Bu səbəblə burada fəaliyyətdə bulunan ümumi ixtilal və müxalifət cərəyanlarının yanında müstəqilən hərəkatda bulunan yerli və milli qruplarla təşkilatlar da vardı. O cümlədən tərəfimdən təşkil olunmuş, üzvləri müxlif rus liselərində və digər orta məktəblərdə oxuyan Azərbaycan türk tələbələrindən ibarət gizli bir dərnək vardı. Bu dərnək mənsublarının milli hisslərini təhrik etmək, rus məktəblərində oxudulmayan türkcəni öz-özünə ilərlətmək, yerli ədiblərin əsərlərini oxumaq, çarlıq əleyhinə yazılmış ixtilal şerlərini əzbərləmək və arada-sırada mətbəə üsulu ilə basılmış bəyannamələr dağıtmaq, işçilər arasına gedərək hürriyyət və inqilab fikirlərini bunların arasında sistemli surətdə yaymaq kimi fəaliyyətlər də olurdu. Dərnəyin mətbəə üsulu ilə intişar edən bir də “Hümmət” adını daşıyan bir dərgisi (jurnalı) vardı.

Cəmiyyət və xüsusilə gənclik içindəki hər cür qaynaşma və birləşmələri öz nüfuzları altına almaq üçün rəqabət edən bolşeviklərlə menşeviklərin fürsət qaçırmayan propaqandistləri, təbii, bizim dərnəyə də soxulur, hər necə olsa da bizləri öz hesablarına qazanmaq istəyirdilər. Bolşevik fraksiyası Tiflisə nisbətən Bakıda daha qüvvətli idi.

Gərək bəhs etdiyim bu dərnəyimizə soxulan propaqandistlərdən, gərəksə başqa şərtlər daxilində qarşılaşdığım çarlıq əleyhdarı bəzi şəxslərdən Bakıda bolşevik fraksiyasını idarə edən Koba adında enerjili birisinin olduğunu eşitmişdim.

Stalinlə ilk təmas

Bakı Petrol Sənayesi İşçiləri Sindikası adını daşıyan bir təşkilat vardı; işçilərin sırf ekonomik mənfəətlərilə əlaqədar olan bu rəsmi quruluş pərdəsi altında gizlidən-gizliyə siyasi fəaliyyət də icra olunurdu. Çarlıq əleyhində gizli olaraq çalışan milli təşkilat üzvlərindən əmim oğlu Məhəmməd Əli yuxarıda adı keçən sindikada katiblik vəzifəsini yapardı. Bir gün o, Kobanın bizimlə görüşmək istədiyini xəbər verdi.*

Bakı civarında olan Balaxanı petrol ocaqları məhəllində bir fabrikanın işçilərinə məxsus evlərdən birində çox bəsit bir otaqda qarşımıza zəif, üzgün və ortadan bir az uzun boylu birisi çıxdı. Bəsit qiyafəli olan bu zatın çiçək pozuğu ilə çopurlanmış üzünə diqqət etdim, ciddi bir tövrlə gülümsünürdü. Bizi təbii və sərbəst bir əda ilə qarşıladı. Gürcü aksenti qüvvətlə hiss olunan bir rusca danışırdı. Adi xoş-beşdən sonra söz siyasi və sosial məsələlərə keçdi.

Şübhəsiz, müsahibə o günlərin ən aktual bir məsələsi üzərinə gələcəkdi. O zamankı sosialistlər, ümumiyyətlə marksistlər, bolşeviklərdə xüsusən işçi sinfini və xüsusilə proletariatı idealizə etmək bir moda idi. Koba proletariat sinfinin digər siniflərə nisbətlə tarixən üstün bir sinif olması üzərində durdu, dünyadakı ədalətsizliklərin əsil səbəbi mülkiyyət əsasına dayanan kapitalist sistemindədir, dedi. Dünyanı həqiqətən məsum görmək istəyən həqiqi hürriyyət və ədalət tərəfdarları ona görə bu sistemi kökündən yıxmalıdırlar. Millətləri və çalışan xalqları zülm və istibdadı altında tutan çarlıq bu sistemə əsaslanmışdır. Çarlığın kökünü tamamilə kəsmək üçün bu mülkiyyət sistemi yıxılmalıdır. Belə dərin bir inqilaba ancaq mülkiyyətlə bağlı olmayan proletariat sinfi hazır olar. Çünki o heç bir şeyə malik deyildir, onun malı ancaq iki əli ilə bir başıdır. İnqilab mövzusunda yalnız proletariatın səmimiyyətinə inanmaq mümkündür. Marksistlərin məşhur seçilmiş sinif nəzəriyyəsinə uydurulan bu formulu Stalin bir də praktikada rastladığı bariz bir misalla təsvir etdi. Mən, dedi, bir qrup işçilərlə konspirasiya şəraitində arada-sırada tapışır, təşkilat və təbliğat işlərilə məşğul olurdum.

--------------------------
*
Məlum olduğu üzrə “Koba” İosif Vissarionoviç Cuqaşvilinin ilk istifadə etdiyi uydurma addır. Qafqazda ikən bu adı götürmüşdü; Stalin adını isə sonra, Rusiya daxilində çalışmağa başlarkən qəbul etmişdi. Yenə məlum olduğu üzrə “Koba” bir güclü romanından alınmış çarlığa qarşı mücadilə edən bir çete qəhrəmanının adıdır.

Bu qrupa gedib-gələnlərin biri haqqında bir gün yoldaşlara şübhələndiyimi söylədim, bu adam mənim heç xoşuma getmir, dedim. Etibar edə bilmirəm. Sonra bir neçə dəfə qarşılaşsaq da, o adamı aramızda görmədim. Bir gün maraqlandım, nə oldu bu yoldaş, dedim, niyə gəlmir, deyə soruşdum. İşçilər:

- Koba yoldaş, siz bu adama etibar yoxdur, dediniz ha!.. Biz də onu dərhal təmizliyə verdik!.. dedilər.

İlk tanış olduğu bizlərə “proletariat sədaqəti” haqqında anlatdığı bu əhvalatdan çıxarılacaq nəticə aydındır.

Kobanın Vışınskiyə bir təbliği

Kobanı çox seyrək olaraq arada-sırada görürdüm. Dürlü konspirasiya şərtləri daxilində nadir təsadüflər bizi qarşılaşdırırdı.

1905-ci ildən sonra çarlıq mexanizmasında baş verən sarsıntı və zəifləmək üzündən bəzi yerlərdə bir sıra ixtilal yüksəlişi zühur edirdi. Bakı bu yüksəliş yerlərindən biri idi. Burada müxtəlif vasitələrlə baş verən ümumi tətilllər, siyasi nümayişlər və ümumi əfkarı çalxalandıran bir sıra soyğunçuluq, siyasi qətl kimi hadisələrin havası içində müxtəlif ixtilal təşkilatlarının yarı gizli fəaliyyətləri formalaşmaqda idi. Tez-tez toplantılar, konqreslər və konfranslar olurdu.

Günün birində Bakı civarında petrol təsfiyəxanalarının (neftayırma zavodlarının) bulunduğu Qaraşəhər deyilən bir məhəldə idik. Gecənin gec saatlarında bir dülgər atelyesində çarlıq əleyhdarı müxtəlif inqilab təşkilatlarına mənsub delegelərdən ibarət bir konfransda idik. Günün taktikasına aid olan müştərək məsələlər müzakirə edilməkdə idi. Müzakirələr yuxarıda qeyd etdiyim bolşevik-menşevik görüşü üzərinə cərəyan edirdi. Bolşevik görüşünü Koba, yəni Stalin, menşevik görüşünü isə indi sovetlərin millətlərarası sözçülüyünü yapan Andrey Vışinski müdafiə edirdi.

O zaman azərbaycanca intişar edən çarlıq əleyhdarı milli müxalifət orqanı “Təkamül” qəzetəsini bu toplantıda mən təmsil edirdim. Müzakirələr rusca idi. Rus olmayan bir çoxları kibi mənim ruscam da çox mükəmməl sayılmazdı. Üslub və qramer xətası da yapmamış deyildim. Müzakirədə iştirak ilə təmsil etdiyim milli müxalifət cərəyanının anladığı taktika icabı olaraq baltanı çarlığın da kökünə vuran bolşevik görüşünə üstünlük verən bir ifadəm vardı. Bunu həzm etməyən o zamankı menşevik Vışinski yapdığım yanlışlıqlara eyhamla:

- Yoldaş, ədəbi deyil!.. - deyə üslubuma taxıldı (sataşdı). Koba isə dərhal:
- Haydı, yoldaş Vışinski, bir çıxıb türkcə, azərbaycanca danış, baxaq kim daha ədəbi danışır?.. - deyə ona qarşı çıxdı.

Türkiyədə Gənc Türklər inqilabı

1908-ci ildə Türkiyədə Gənc Türklər inqilabı baş vermişdi. Hürriyyətsevən dərnəklərdə, xüsusən Qafqaz türk və müsəlmanlarının fikir və siyasi hərəkat mərkəzi olan Bakıda bu hadisə günün mövzusu idi. Bir təsadüflə Kobaya rast gəldim.

- Osmanlı inqilabı haqqında bizim dərgiyə bir məqalə yazsanız, dedi.

“Bizim dərgi”dən məqsədi yuxarıda bir münasibətlə qeyd etdiyim Sənaye İşçiləri Sindikasının orqanı “Qudok” (“Düdük”) idi. Məqaləni yazdım. “Qudok” redaksiyonuna gətirdim. Redaksiyanın o zamankı bir çox müəssisələr kimi iki üzü vardı. Bir üzü rəsmi idi. Dərginin hökumətdən icazə almış imtiyaz sahibi və məsul müdiri işçilərdən Saşa Samartsev adında birisi idi. Bunun arxasında dərginin bir də gizli bir redaksiya heyəti vardı ki, buraya Koba ilə Timofeyev adında partiyalı bir münəvvər daxildi. Heyət bir çəkməçi dükanının pərdə ilə ayrılan arxa tərəfində toplanırdı. Türkiyədəki məşrutiyyət inqilabı haqqında yazdığım məqaləni burada, bu çəkməçi dükanında oxuyacaq, tədqiq edəcəkdik. Məqaləni oxuduq. Timofeyev onu şiddətlə tənqid etdi:

- Öz burjuaziyamızı tənqid edir və hətta ona xor baxırıq. Rəsulzadənin məqaləsində isə Türkiyə burjua inqilabı öyülür. Özümüzdə xoş görmədiyimiz bir şeyi nə deyə Türkiyədə xoş görüb, idealizə etməliyik? - dedi: məqalənin rəddini istədi.

Koba müdaxilə etdi:

- Yoldaş yanılır, məsələni çox bəsitləşdirirsən, - dedi. - Rusiya şəraiti ilə Türkiyə şəraiti bir-birindən ayrıdır; bizdə bir reaksiyon deyə hesab olunan hadisə Türkiyədə bir tərəqqi hadisəsidir. Rəsulzadənin məqaləsi çox yerindədir, orada yürüdülən mühakimə çox haqlıdır, məqalə basılmalıdır.

Nəhayət, məqalə basıldı.

Bizim 200 rublə

Yuxarıda izah etdiyim hərci-mərc illərində Rusiyada və Qafqaziyanın hər tərəfində olduğu kimi, Bakıda da müxtəlif izinli və izinsiz cəmiyyətlər fəaliyyət halında idilər. Ümumi xeyir işləri və maarif yapan cəmiyyətlərlə bərabər gizli fəaliyyətlərdə bulunan siyasi-ideoloji təşkilatlardan başqa hökumət idarəsindəki zəiflikdən istifadə edən bir çox soyğunçu dəstələri də fəaliyyətdə idilər. Müxtəlif ideyalar namına möhtəkirlik yapan bu quldur dəstələri zənginləri təhdid edərək para çəkir, bəzilərini çalıb-çapır, aldıqları girov pulu müqabilində buraxır, çox kərə böyük firmalara göndərdikləri təhdid məktubları ilə bunları xəraca bağlayırdılar. Bakının məşhur milyonerlərindən Musa Nağı bir aralıq tutulmuş, verdiyi böyük miqdarda bir nicat puluna müqabil hürriyyətinə qovuşmuşdu. Hali-fəaliyyətdə bulunan bu quldur dəstələri arasında bolşevik partiyası hesabına çalışan bir dəstənin də mövcudiyyətindən bəhs olunurdu. Bu çetenin başında isə Erivan meydanının qəhrəmanı (bu hadisə məşhurdur) şəxsən Kobanın bulunduğu sonradan öyrənilmişdi.

Sonraları, İstambulda eşitdiyim bir rəvayəti bu söylədiklərimlə ilgili olduğundan burada zikr edim:

Sözü keçən dövrdə polisin acizliyini görən bəzi firmalar təhlükəsizliyini verdikləri dolğunca maaş müqabilində Bakının “qoçu” deyə məşhur olan qoçaqlarına əmanət etmişdilər. O cümlədən məşhur petrol şirkəti Nobel bu məqsədlə H.M.-yev deyilən birisilə bağlaşmışdı. Bu zat 1927-28-ci illərdə emiqrant ikən İstambulda bir çoxlarına Bakıya aid xatirələri arasında şayani-diqqət bir hekayə danışmışdı:

Bolşevik partiyasının təhdid qolundan adı keçən firmanın neft alan şöbəsinə bir məktub gəlir. Məktub 50000 rublənin müəyyən gün və saatda gələcək yoldaşlara təslim edilmək üzrə hazırlanmasını tələb edir. Firmanın müdiri H.M.-i çağırır və ondan təyin olunan saatda terroristlərlə qarşılanmasını tələb edir. H.M. bir neçə qoçusu ilə birlikdə gözləyir. Təyin olunan saatda iki yoldaşı ilə Koba (yəni Stalin) peyda olur. Qorxu təlqin edən sərt bir baxışla H.M.-i süzən Koba ona ismi ilə xitab edərək qandırıcı bir ifadə ilə:

- H., deyir, biz adi bir oğru-quldur deyilik. Kapitalizmə qarşı vuruşan bir işçi partiyasıyıq. Hədəfimiz Rusiya çarlığıdır. Biz işçilər bu zülmün altındayıqsa, siz müsəlmanlar iki zülmün altındasınız. Başqasının xüsusi mənfəətini qorumaq üçün bizə qarşı silah çəkmək, canınızı mənasız yerə hədər etməkdir. Halbuki bizim aldığımız paralar hürriyyət üçün sərf olunur; bir millət olaraq sizin hürriyyətiniz də bunun içindədir.

Bundan sonra H.M. bəyin müqaviməti qırılır və həmən arkadaşlarına dönərək:

- Biz pas, deyir.

Mahiyyətinə qısaca təmas etdiyim bu dövrdə mən Bakıda maarif yayan “Nicat” cəmiyyətinin rəyasətində bulunurdum. Bu, rəsmi icazə ilə fəaliyyət yapan bir cəmiyyət idi. Onun pərdəsi altında siyasi fəaliyyətdə bulunan gizli bir qrup gizlənirdi. Bu qrup çarlığa qarşı konspirasiya yapan bütün ixtilal partiyası və qrupları ilə təmas halında idi.

Günün birində bolşevik partiyası maliyyə komisyonuna mənsub üzvlərdən bir neçəsi mənə müraciət etdi:

- Müştərək bağ gəzintisi yapaq, siz rəsmi ünvanınızı verir, biz də şəhərdə və cəmiyyət içində nüfuzu olan məşhur xanım və bəylərdən, tanınmış aktyor və aktrisalardan mürəkkəb bir dəstə ilə bağ gəzintisinin başarılı olmasını təmin edərik, dedi.

Nəticədə: “Necə olur-olsun, gəliri aramızda bölüşdürərik” təklifində bulundu.

O dövrdə bu kimi kombinasiyalar adi işlərdəndi. Bunun heyrət ediləcək bir tərəfi yoxdu. İdarədəki yoldaşlarla görüşdüm. Hamısı çarlıq əleyhdarı adamlar olduğundan təklifi iyi qarşıladılar. Hərəkətə keçildi. Bağ gəzintisi başlandı. Bakının məşhur vali bağçasında tərtib olunan bu bağ gəzintisi üç gün davam edəcəkdi. Gəzintinin ilk günü başarılı oldu. Yaxşı gəlir əldə edildi. Bu temp ilə davam edəcək olursa, gəzintinin tam bir gəlir verəcəyi hər dürlü şübhənin xaricində idi. İkinci gün də gəzinti eyni temp ilə davam etdi.

Bu arada şərikimiz maliyyə komisyonu üzvlərindən Serebryakov mənə müraciət edir: “Kobanı tanıyırsan, onu Bayıl həbsxanasından (Bakının Bayıl burnu deyilən xəlicində üç tərəfi su olan bir həbsxana qalası ki, bir zaman mən də bunun sakinlərindəndim) qaçırmaq istəyirik, deyir. Bağ gəzintisinin başarılı olduğu və yaxşı hasilat verəcəyi şübhəsizdir. Bizim hissəmizə düşəcək gəlir hesabına yoldaş Kobanın (yəni Stalinin) qaçırılmasını finansə etmək üzrə gəzintinin müdiri sifətilə 200 rubləlik bir avans versəniz minnətdar olarıq”, deyir; işin təcili olmasını da Kobanın iki gün sonra gedəcək məhbuslar kəfiləsi ilə göndərmək zərurəti ilə izah edir. “Hər ehtimala qarşı bəklədiyimiz nəticə aldığımız avansı qapamayacaq olsa, hissəmizə düşən açığı dərhal ödəməyi təəhhüd edirik”, deyə təminat verməyi də ihmal etmir. Məsələni yoldaşlara deyirəm: istənilən avansı verməkdə bir maneə görülmür.

Bağ gəzintisinin üçüncü günü kassadakı pulun hamısını, lotareya üçün zərgərlik mağazalarından borc edilmiş gümüş əşya qalıqlarını və sairəni toplayaraq gəzintinin baş qadın müdiri madam Baykova, “maliyyə komisyonu” üzvü və “Nicat” cəmiyyəti idarə heyəti üzvlərindən bir yoldaşla birlikdə nəticəni bir hesabat halında təsbit etmək üzrə madamın evinə doğru hərəkət edirik. Qubernator iqamətgahının yanında bulunan şəhər bağçasından aralanmış, elə yan küçələrindən birinə dönmüşdük ki, əli silahlı banditlər arabalarımıza hücum edir, kassa pulu ilə gümüş əşyanı alır, üstəlik madamın bilərzikləri ilə sırğalarını da çəkib qeyb olurlar.

Təxmin edəcəyiniz bir həyəcan və təəssür içində madamın evinə gəlirik; normal protokol yapacağımıza polis zəbti hazırlamaq lazım gəlir.

Bağ gəzintisi gözlənilmədən bir fiasko ilə nəticələnmişdi. Bizim şəriklər indi zərərləri qapamaq deyil, aldıqları 200 rubləlik avansı belə qaytarmaq niyyətində deyillər. Bu gün-sabah deyə məsələni boyunlarından atırlar.

İşin arxası var: Soyğunçuların bizzat bolşeviklər partiyasına mənsub terroristlər olduğu qüvvətlə söylənilir.

Lenin iş başına gəlincə çarlığın millətlərarası bütün borclarını ləğv etmiş ikən, 1903-cü ildə Rusiya Sosial-Demokrat Partiyasının konqresini finansə etmək üçün yapılan borcu dərhal ödəmiş, “İnqilab öz borcunu ödəyər!” deyə lovğalanmışdı.

Ya bizim 200 rublə...

AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN BOLŞEVİKLƏR TƏRƏFİNDƏN İŞĞALI

1917-ci ildə hökumət rəisi Lenin və millətlər komissarı Stalinin imzalarını ehtiva edən bir bəyannamə ilə Sovet hökuməti Rusiya imperatorluğu daxilində bulunan böyük-kiçik bütün millətlərin öz müqəddəratlarını və istərlərsə Rusiyadan ayrılaraq özlərinə məxsus müstəqil bir dövlət də qura biləcəklərini təmin edirdi.

Təntənəli şəkildə ifadə olunmuş bu aydın deklarasiyaya rəğmən, 28 may 1918-ci ildə milli istiqlalını elanla hakimiyyət haqqına malik milli bir dövlət halına gələn Azərbaycan xalq cümhuriyyətinin hüdudları Moskvadan göndərilən Qızıl Ordu hissələri tərəfindən zorlanmış, 27 nisan (aprel) 1920-ci ildə məmləkət qızıl rus hissələri tərəfindən istila edilmişdi.

Cümhuriyyət hüdudları (sərhədləri) üstün qüvvələrlə keçilmiş, hər cür müqavimət hərəkatları amansız surətdə basdırılmışdı. Qızıl Ordunun aktiv yardımı ilə məmləkət sovetləşdirilirdi. Yəni sözdə Sovet Azərbaycanı cümhuriyyəti ünvanı mühafizə edilirdisə, işdə demokratik milli bütün müəssisələr ortadan qaldırılır; liderlər təqib olunur, qızıl istila terroru hər tərəfi qovururdu. Fövqəladə ixtilal məhkəməsi mənasına gələn “Çrezvıçayka” cəza makinəsi (maşını) durmadan çalışır (işləyir), gözdə bulunan bütün münəvvərlər biri-biri arxasından yaxalanaraq zindanlara atılır, bir qismi də əlli-ayaqlı ortadan qeyb olurdular. Qızıl qasırğa devirmədik milli bir müəssisə, kəsmədik bir şəxsiyyət buraxmırdı.

Bakıda "Osobı Otdel" həbsxanasında

Bu şərtlər daxilində bir müddət saxlandıqdan sonra əski mücadilə arkadaşlarımdan mərhum Kazımzadə Abbasqulu bəylə bərabər Bakını tərk etmiş, əski Şirvan vilayətinin mərkəzi Şamaxı civarında Qafqaziya sıra dağları ətəyində Lahıc deyilən bir yerdə gizlənmişdik.

Bulunduğumuz yer bir sui-təsadüf nəticəsində kəşf edilmiş, yaxalanaraq Bakıya geri gətirilmiş və o zaman Çeka deyilən siyasi polis müəssisəsinin fövqəladə işlər şöbəsi olan “Osobı otdel”ə təslim edilmişdik.

“Osobı otdel”də bizi həbsxana halına gətirilən əski, böyük bir binanın bir otağına qapadılar. Otaq deyib üstündən keçməyək. Zatən bu qoca binanın təsəvvür edilə biləcək adi bir otağı deyildi. Bayağı bir mətbəx idi. Alt qatda günəş görməyən qaranlıq bir mətbəx otağı. Yeri asfalt olan bu otaqda yataq və ümumiyyətlə mebel namına heç bir şey yoxdu. Üstümüzə üzərimizdəki yay paltosunu çəkə bilsək də altımıza döşəyəcək bir şeyimiz yox idi.

İlk düşüncəmiz quru asfalt üzərində yatmamaq üçün bir çarə aramaq idi. Qaryola-filan (çarpayı) aramaq əbəsdi. Mən də, arkadaş Abbasqulu da çarlıq dövrünün həbsxanalarını boylamış adamlar idik. O zaman da asfalt zəmin üzərinə yataqlarımızı sərər, eləcə yatardıq. Fəqət indi sərəcək yataq da yoxdu. Qardiyanlara (gözətçilərə) vücudumuzu soyuq yerdən ayıracaq bir şey bulunamazmı, deyə maraqlandıq. Bir çarə bulundu. Həyətdə bir neçə yeşik vardı. Bunları bizim ricamız üzərinə Qızıl Ordu nəfərləri dərhal sökdülər və parçalarını bizə verdilər. Bunları altımıza döşəyərək eləcə yatdıq.

Bir-iki gün iki yoldaş mətbəxin yeganə sakinləri idik, iki gün sonra “mətbəx ailəsi” yeni gətirilən bir-iki “müsafir”lə də bollaşdı. Bunlardan şəhərdə olub-bitənlərdən bir dərəcə məlumatlandıq. Paytaxta gətirildiyimizin əhali üzərindəki ilk əks-təsirinə vaqif olduq. Bunlar bir tərəfdən üzücü, bir tərəfdən də sevindirici idi. Cəlladlığı ilə hər tərəfə qorxu təlqin edən Pankratov kimi birisinin müdir bulunduğu “Osobı otdel” həbsxanasındakı müqəddəratımız hər kəsi əndişədə buraxır və mümkün olacaq hər cür fənalıqları önləmək üçün hər kəs əlindən gələn təsiri-icradan geri qalmırmış.

Mətbəxdə bulunduğumuz üçüncü və dördüncü günü idi. İlk dəfə olaraq xarici aləmlə bir növ təmas hasil oldu. Bizi tutulduğumuz yerdən Bakıya qədər ötürən birisi vardı. İsmini Zərgər deyə qeyd edəcəyim bu adam əskidən Bakının baş caddələrindən birində zərgər mağazası tutardı. İndi bolşeviklərin özəl (xüsusi) işlərinə xidmət edən bir vəzifədədir. Ümumi əfkar onu “bolşevik casusu” deyə tanıyır. İndi bu “casus” bizi mətbəxdə ziyarət edir. Məqsədi bizdən bir “rekomendasiya” almaqdır. Şəhərdə hər kəs onu bizə qarşı pis rəftar etməklə ittiham edirmiş. Halbuki bizimlə nə qədər yaxşı rəftar etdiyinə şəxsən biz şahidik. Həm də buraya bir neçə gün sonra sərbəst buraxılacağımızı muştuluqlamaq üçün gəlibmiş. Yalnız bir ricası var, hər cür dedi-qoduya bir xatimə vermək üçün mən ona bir kağız verim və bu kağıza ondan məmnun olduğumu söyləyim, ta ki, o bunu onu tənqid edənlərə göstərsin, onun bizə pislik deyil, yaxşılıq yapmış olduğunu isbat etsin. Onu təskin etdim: “Söylənənlərə əhəmiyyət vermə - dedim. - Madamki bir neçə gündən sonra hürriyyətə qovuşacağıq, o zaman bir ziyafət verər, orada sizin bizə nə qədər yaxşılıq etdiyinizi deyərik, məsələ bitər”. Beləcə əcaib bir şəkildə istənilən etibarnaməni rədd etdik.

Eyni gündə bizə evdən bir paket içində yemək göndərilmişdi. Yeməklər bir qəzet kağızına bükülmüşdü. Bu kağız bir neçə gün əvvəl intişar edən türkcə “Kommunist” qəzetinin bir nüsxəsi idi. Bizim durumda olan bir adamın bu qəzeti nə cür bir ciddi-cəhdlə oxuyacağını, şübhəsiz, təxmin edərsiniz. Qəzetə dərhal bir göz gəzdirdim. Azərbaycan Sovet hökumətinin sədri dr. Nəriman Nərimanovun imzası ilə ilk səhifədə rəsmi bir məlumat vardı. Məlumatın xatirimdə qalan mətnini əslinə yaxın bir şəkildə burada nəql edirəm: “Məhəmməd Əmin Rəsulzadəni vilayətlərdə hər cür təhlükədən qorumaq məqsədilə Sovet hökuməti onun paytaxta gətirilməsinə qərar vermişdir. Burada isə həyatı əmniyyət altındadır, əhalinin bu xüsusda əmin olmasını və həyəcana düşməməsini tövsiyə edirik”.

Bu xəbər mətbəxə gələn yeni “müsafir”lərin anlatdıqlarını təsdiq mahiyyətində idi. Əski Zərgərin əldə etmək istədiyi “hüsni-hal vəsiqəsi” də bununla bağlı olacaqdı. Sonralar öyrəndiyimə görə bu günlərdə İran məşrutə hərəkatında mənimlə bərabər çalışdığım Heydər xan Əmioğlunun da böyük bir əlaqəsi olmuşdur.

Heydər xan İranın ən yaxın tarixində mühüm rol oynamış qafqazlılardan biridir. O, İran məşrutəçiləri arasında “Heydər xan Bombi” (Bombaçı Heydər xan) deyə məşhurdur. Vaxtilə Tehranda Qacarlardan Məhəmməd Əli şahın baş naziri məşhur irticaçı Əminüddövləni öldürən fədai Abbas ağaya bombanı verən o idi; bunun kimi Təbrizdə yenə məşrutiyyət mücadilələri əsnasında şah tərəfdarı, məşhur irticaçı Şücaüddövləni poçt ilə göndərdiyi bir “cəhənnəm makinası” ilə partladan da odur. Bir terrorist və bir inqilabçı olaraq onun mücahidlər üzərində dərin bir nüfuz və təsiri vardı. O zaman İran inqilab hərəkatlarında şah tərəfdarı əski rejimlərə qarşı mücadilədə yerli tərəqqipərvər və məşrutiyyətçilərə yardım üçün gələn qafqazlı ünsürlərlə yaxından əlaqəsi olan bu Heydər xan indi Bakıda olur və başındakı bir qrup mücahidlərlə İran hərəkatlarına iştirakla əlaqədar bəzi kombinasiyalar düşünürmüş. Mənim tutularaq Bakıya gətirildiyimi xəbər alınca, İrandakı məşrutiyyət hərəkatı zamanı yaranmış dostluq naminə həmən hərəkətə keçmiş, başda dr. Nəriman olmaq üzrə Sovet Azərbaycanının bütün nüfuzlu şəxslərinə baş vuraraq, “Məhəmməd Əminin başından bir tük belə əskik olmamalıdır!” demişdi.

Anormal “mətbəx həyatı” yavaş-yavaş özünəməxsus bir forma alır. Saatlar saatı, günlər günü qovalayır. Gələn yeni “müsafirlərdən” duyulan cürbəcür söyləntilərdən gündəlik “həvadislər” alır, müqəddəratımızı gözləyirik. Bütün bunları və mətbəximizdə öz formasını alan hər şeyi burada təfsir etmək niyyətində deyiləm. Buradakı məhrumiyyətləri, yemək deyə verilən bulaşıq suyu andıran şorbalar və sairə üzərində də durmaq istəmirəm. Mövzum ümumi xatirat yazmaq deyildir. Təfərrüata yalnız ələ aldığım əsil mövzu ünsürlərini bir-birinə bağlamaq surətilə təmas edirəm.

Həbsxanada Stalinlə başbaşa

“Mətbəx”in yeni “müsafir”lərindən şəhərdə olub-bitənlər haqqında məlumat alırdıq. Bunlar şəhərdə “Padvalyon” adında gizli bir cəmiyyətin kəşf edildiyindən bəhs edirdilər. “Padval” rusca bir sözdür, zirzəmi deməkdir. Qızıl Ordu tərəfindən yeni işğal olunan Bakıda, burada qalan türkiyəli əski mühacir zabitlərindən bir qismi ilə limanda olan matroslar arasında guya ki bir anlaşma olmuş, bunlar yerlilərdən bir qismi ilə sözləşərək, hökumətə qarşı qiyam hazırlayırmışlar.

“Təşkilat” üzvlərinin görüş yeri şəhərin əski Nikolay, sonra Parlament, indi də Kommunist küçəsi deyilən böyük küçəsində zirzəmidə yerləşən bir dükan imiş. Bu münasibətlə onlara zirzəmiçilər mənasına gələn “padvalyon” deyirmişlər. “Padvalyonçuların” nə üçün həbs edildikləri haqqındakı yarı ciddi, yarı zarafat hekayələrini böyük əlaqə ilə dinləyirdik ki, qapı açıldı. Gözətçi içəri girdi. Mənə xitab edərək, yoldaş Rəsulzadə (məhbuslara da yoldaş deyə xitab olunurdu), arxamca gəlin, dedi.

Saat 17 idi, axşamın bu gec saatlarında kameradan bu şəkildə götürülənlər, adətən gedər, bir daha dönməzdilər. Bu, “xərclənməyə” götürülən bir saatdır.

Baxdım dostlarıma bir hüzn gəldi. Hələ arkadaş Abbasqulunun rəngi qaçdı, məlul və məhzun gözlərilə mənə baxdı. Zorla zəbt olunan bir həyəcanla qucaqlaşdıq. Ondan uzun və nəticəsi məchul bir səfərə çıxırammış kimi ayrıldım. O, titrək bir səslə xeyir-dua verir, mən də ona əhəmiyyət vermə, qorxma deyə təsəlli verirdim.

Mən öndə, gözətçi də arxada gedirik. Qaranlıq koridorlardan keçdik (neft mərkəzi olan Bakıda neft qıtlığı üzündən qənaət olsun deyə adətən gecələr lampa yandırılmaz). Bu yolun çox da yabançısı deyildim. Bir dəfə yenə bu koridorla Pankratovun hüzuruna aparılmışdım. Burada bir heyət məni istintaq etmişdi. Hiss etdim ki, yenə Pankratovun yanına aparılıram.

Gəldik. Elə buradır. İki həftə əvvəl istintaq edildiyim otaq. Gözətçi qapını açdı. Girdim. Masanın arxasında ayaq üstə duran Pankratovun yanında uca boylu Qızıl Ordu uniformasında birisi mənə diqqətlə baxır.

Zabit məni qarşılamaq məqsədilə iki addım irəli gəldi, əlini uzadaraq:

- Yoldaş Rəsulzadə, tanıdınızmı (bir az pauza ilə), Stalin, - dedi.
- Bəli, tanıdım (bir az dayandıqdan sonra), Koba, - dedim.

Dayanmağımda bir məna var idi, mən rus sovet komissarı “Stalin” deyilən zatı tanımırdım. Mənim tanıdığım Qafqaz ixtilalçısı bir “Koba” vardı. Stalin həmən Pankratova müraciətlə, bizi buraxın, dedi.

Pankratov çıxdıqdan sonra mənə:

- Çətin günlərdə bərabər çalışdıq, indi isə toqquşduq, - dedi.
- Dünya belədir, hər şey ola bilər, - dedim.
- Dosyenizi gördüm, vəziyyətiniz də çox pisdir, - dedi.

Mən bir ləhzə gözünün içinə baxdım.

- “Müsavat” partiyasına mənsub olmaq töhmətilə işçilərin qruplar halında güllələndiyi bir yerdə bu firqənin lideri qalaraq vəziyyətinin yaxşı olacağını düşünəcək qədər sadə deyiləm. Fəqət bu pisliyin dosyedən çıxdığına inanmıram, çünki vəziyyətimin pisliyini isbat edəcək bir dosyedən xəbərim yoxdur.

Stalin mövzunu əlüstü dəyişdirdi.

- Mən bunun üçün gəlmədim, - dedi. - Buraya gəlincə məhbus olduğunuzu öyrəndim. Sizinlə görüşəcəyimi yalnız dr. Nərimana söylədim, - dedikdən sonra sözünə davam etdi. - Buradakılar (yerli kommunistləri nəzərdə tutaraq) Sizdən qorxurlar, bir qismi “Müsavat” rəisi öldürülməlidir deyir, bir qismi də yox, ömrü olduqca həbsdə qalsın, təklifi edir. Fəqət mən bu iki ehtimalın heç birini Sizə rəva görmürəm. Siz əski mübarizə yoldaşısınız. Ziyarətimin yeganə səbəbi də budur. Çar istibdadına qarşı mücadilələrinizi, sizin inqilabi hərəkatdakı rolunuzu və əhəmiyyətinizi bilirəm. Bu inqilab üçün gərəkli bir şəxsiyyət olduğunuzu təqdir edirəm. Siz nə öldürüləcək, nə də ömrü boyu həbsxanalarda çürüdüləcək bir insan deyilsiniz. Məncə, Sizə azadlıq verilməlidir: istəsəniz burada qalın, istəsəniz mənimlə bərabər Moskvaya gedək - ki bunu mən Sizə şəxsən tövsiyə edirəm, çünki buradakılar Sizi rahat buraxmayacaqlar və zühur edəcək hər hansı bir hadisəni bəhanə edərək, Sizi məsuliyyətə çəkəcəklər - istəsəniz dünyanın seçdiyiniz hər hansı bir tərəfinə gedin, bir sözlə, azadsınız. Düşünün, danışın, bəlkə də bizimlə əməkdaşlıq yaratdınız!..

Stalinin “Rusiya”dan bəhs açan rəsmi “müqəddimə”dən əski “mücadilə dostluğundan” bəhs edən səmimi bir söhbət ədasına çevrilən bu ifadəsinə eyni şəkildə cavab vermək lazım idi.

- Bu qədər hadisə olub-bitdikdən sonra “əməkdaşlıq” müzakirə mövzusu ola bilməz, yoldaş Koba, - dedim.
- Bəli, haqlısınız, biz 1918-ci ildə buraya Şaumyanı göndərməyəcəkdik, - dedi.

Bu cümlə ilə nəyə işarə edildiyi izah edilməzsə, ən yaxın Azərbaycan tarixinin təfərrüatına vaqif olmayan oxucular məsələni yaxşı anlamazlar. Bunun üçün bir az təfsilat verim:

Şaumyan Sovet hökuməti tərəfindən inqilabın ta əvvəlində Qafqaz fövqəladə komissarlığına təyin olunmuş kommunist bir erməni idi. Hələ bolşeviklərin əlində olmayan Qafqaza fövqəladə komissar təyin olunan bu adama eyni zamanda Şərqi Anadoluda hənuz rus orduları işğalı altında olan vilayətlərdə Böyük Ermənistan təşəkkülü məqsədilə bir referendum təşkil etmək vəzifəsi də bir dekretlə bu Şaumyanın öhdəsinə buraxılmışdı. 1905-ci ildən bəri tanıdığım Şaumyan 1918-ci ilin başlarında Bakıda mənimlə görüşərək öz missiyasından bəhs etmiş və “Müsavat” firqəsinə əməkdaşlıq təklifində bulunmuşdu. Bizdən hüsni-qəbul görməyən Şaumyan sonra Tiflisə getmiş, orada gürcü menşeviklərinin şiddətli bir müxalifətilə qarşılaşaraq təkrar Bakıya qayıtmış və burada eyni ilin 31 martında cəbhələrdən dönüb, Bakıda cəmləşmiş rus hərbi hissələrini təhrik edərək Bakıdakı türk və müsəlman əhali üzərində bir qətliam tərtib etmişdi.

Stalin indi bu hadisəyə işarə edirdi. Bununla o, bir tərəfdən 1918-ci ildəki mart faciəsinin bütün qəbahətini Şaumyanın boynuna yükləyir, digər tərəfdən də o zamanın erməni məsələsində alınan bolşevik istiqamətini sözarası tənqid etməklə türk-erməni ixtilafını istismar etmək istəyirdi.

Stalinə dedim:

- Məsələ Şaumyanın şəxsiyyətində deyildir, yalnız 1918-ci ildə deyil, siz buraya indi də gəlməməli idiniz!

Stalin diqqətlə üzümə baxdı. Lisaniylə deyil, halı ilə “nə üçün” deyə soruşurdu:

- Çünki rus gücü ilə təsis olunan proletariat diktaturası Azərbaycanda rus hakimiyyətinin təsisindən başqa bir şey ola bilməz, - deyə soruşurdu.
- Çünki rus gücü ilə təsis olunan proletariat diktaturası Azərbaycanda rus hakimiyyətinin təsisindən başqa bir şey ola bilməz, - deyə davam etdim.

Fikrimi bir misalla izah edərək əlavə etdim:

- Təsəvvür edin ki, almanlar gəlir. Moskvada bir Sovet hökuməti qururlar, bu necə olar? - deyə soruşdum:
- Bizdən daha yaxşı tətbiqat yaparlar, - deyə Stalin gülümsədi.
- Fəqət rus xalqı da daha yaxşı idarəni necə qəbul edər?.. Təxmin edə bilməzsinizmi? - cavabını verdim.

Stalin mənalı bir baxışla üzümə baxdı...Bu baxışda rus xalqının ruhiyyatını mən daha yaxşı bilirəm, deyən ifadə vardı. Stalin bir ləhzə düşündükdən sonra mövzunu dəyişdirdi.

- Yaxşı, - dedi, - olan olub, keçən keçib. İndi nə düşünürsünüz, ondan danışaq.
- Sizin, - dedim, - burada Pankratovun bu masası başında bir heyət məni istintaq edirdi. İstintağı idarə edən müstəntiq, fəhlədən yetişmə bir gənc idi. Məndən soruşurdu.
- Dağlarda dolaşırdınız, orada yaxalandığınız zaman nə düşünürdünüz? - deyə məndən cavab gözləyirdi. Ona:
- Hadisələri müşahidə ilə məşğul idim, - cavabını verdim. Qane olmadı. Məni daha çox danışdırmaq istəyirdi, dedi ki:
- Necə ola bilər, Siz Müsavat hökumətinin ruhu idiniz, milli Azərbaycan hökuməti Sizin mənəvi təsiriniz sayəsində fəaliyyət göstərirdi. Belə bir adamın hadisələr qarşısında passiv bir müşahidə durumunda qaldığına inana bilərəmmi? Biz sizin həbsxananızda ikən düşünür, özümüzə görə bəzi planlar qururduq. Həbsdən çıxınca onu-bunu edəcəyik, deyirdik. Siz necə olur ki, heç bir şey düşünmür, sadəcə müşahidə ilə vaxt keçirir, fəaliyyətsiz qalırdınız? - deyə müstəntiq üzümə baxdı, ona:
- Siz məndən daha gəncsiniz, aradakı fərq hər halda bundan irəli gəlmiş olar, - cavabını verdim.

Onunla bütün səmimiyyətlə, əlbəttə ki, danışa bilməzdim; çünki məni yaxşı tanımırdı. Cavabımı can qurtarmaq üçün uydurulan bir şey deyə düşünər, səmimi qəbul etməzdi; fəqət Sizə, əski səmimiyyəti xatırlayan bir əda ilə danışan Kobaya müstəntiqin anlamadığı “ədalət”in əsil səbəbini izah edə bilərəm.

Siz demokratiyanın müqəddəs saydığı böyük haqqı, milli istiqlal haqqını tapdalayaraq sərhədimizi keçdiniz. Buna gücümüzün yetdiyi qədər müqavimət göstərdik. Üstün qüvvə ilə yurdumuzu bundan sonra davam etdirməyə bizim qüvvələrimiz çatmırdı. Millətlərarası daha böyük qüvvəyə istinad etməyimiz lazım gəlirdi. Halbuki yaşadığımız şərtlər daxilində istinad edəcəyimiz böyük qüvvələr Şərqdəki milli istiqlal hərəkatları ilə, xüsusən milli Türkiyə hərəkatı ilə düşmən vəziyyətindədirlər. Siz də bu vəziyyətdən istifadə edərək Türkiyəyə yardım üçün Azərbaycandan keçid istəmək şüarı altında məmləkətə soxulursunuz, bu məqsədlə burada olan macəraçı bir qrup ünsürdən də istifadə edir və ümumi-əfkarı aldadırsınız. Yaranmış bu şərtlər daxilində biz iki od arasında qalan bir adam vəziyyətində idik. Bu vəziyyətdə bizə əlverişli vaxt gəlincəyə qədər gözləmək lazım gəlirdi. Müstəntiqinizin anlamadığı şey bir “ətalət” deyil, bir “intizar” idi. Sovet işğalını tanımayaraq yenidən fəal mübarizəyə başlamaq haqqını saxlamaqla əlverişli bir şərait yaranıncaya qədər gözləyəcəkdik.

Stalin:

- Yaxşı, fərz edək istədiyiniz şərtlər mövcuddur və öz qüvvələrinizlə hərəkət etmək imkanındasınız; o halda bizə qarşı nə edərdiniz? - deyə soruşdu.
- Heç düşünmədən həmən sizə qarşı qiyam qaldırarıq, - dedim.
- Yaxşı, amma siz kiçik bir məmləkətsiniz, öz başınıza müstəqil olaraq özünüzü idarə edə bilməzsiniz; başqa böyük bir dövlətlə necə də olsa, anlaşmanız lazımdır, - dedi; mən:
- Bu təqdirdə biz yenə böyük qonşumuz olan sizinlə anlaşardıq, fəqət Nərimanın anlaşdığı tərzdə yox, - dedim.

Stalin güldü:

- Nərimanmı bizimlə, yoxsa bizmi Nərimanla anlaşdıq?! - dedi.

Bir saatdan çox çəkən söhbət qurtarmaq üzrə idi. Stalin söhbəti praktik bir nəticəyə gətirmək niyyətilə sözü təkrar bizim “Hürriyyət”ə gətirdi. Bakıda qalmağıma, yoxsa Moskvaya getməyə üstünlük verdiyimi bilmək istəyirdi. Ona dedim ki:

- Madam ki, bizə azadlıq rəva görülür, o halda dörd divar arasında məhbus olaraq düşünüb, qərara gəlməkdənsə, bütün məsələləri azadlıq havası içində salim bir baş ilə düşünüb, həll etməyə üstünlük verirəm.
- Yaxşı, - deyə razılaşdı. Səsləndi. Bir az sonra Pankratov içəri girdi. Söhbət əsnasında qaranlıq bir mətbəxdə saxlandığımızı, hal-əhval soruşması münasibətilə anlatmış olduğumdan, içəri girən Pankratova:
- Bura bax, adamı qaranlıq bir mətbəxdə saxlayırsınız, dərhal onu münasib bir otağa köçürün və ailəsinə də onunla görüşmək imkanı verin, - deyə əmr etdi.

Ayrıldıq, gözətçi bizi təkrar mətbəxə gətirdi. Məhbus dostlarım sevinc içində idilər. Abbasqulu arkadaşımın isə şadlığı intəhasız idi.

Belə ha, demək bu gediş “xərclənmə” gedişi deyilmiş!..

Xüsusi otaq

İki-üç saat sonra gözətçi təkrar gəldi. “Əşyanızı yığın, yoldaş Pankratov Sizi münasib bir otağa köçürmək haqqında əmr verdi”, - deyir.

Mətbəxdəki dostlarıma təkrar bir hüzn və əndişə gəlir. Bu hiylə olmasın deyə düşündükləri üzlərinin ifadəsindən, gözlərinin baxışından bəllidir. Mən dostlarımdan çox da ayrılmaq istəmirəm, amma rədd etmək də yaxşı düşməz. Baxaq görək sonrası necə olur... Dostlarımla vidalaşır, gedirəm; gözətçi əşyalarımı arxasına alıb, dalımca gəlir.

Məni Pankratovun özünün yaşadığı mənzilin yanında qapısı müştərək balkona çıxan xüsusi bir otağa gətirirlər. Çılçırpaq olan bu otağın mətbəxdən fərqi yerinin taxta olması və bir də çarpayı yerini tutan taxtadan bəsit bir çarpayının olmasıdır.

Payızın sonları olduğundan otaqda isitmə sistemi olmadığından insanın iliklərinə işləyən soyuq bir hava var idi. Mətbəxdə heç olmasa əlimizə keçən taxta parçalarını, qəzet və sair kimi kağızları yandırır, bir az da olsa isinirdik. Əlavə olaraq orada maddi istilikdən başqa mənəvi bir hərarət də var idi; bir icma halında yaşayır, dərdləşirdik.

Gecəni bu soyuq tənhalıqda keçirərək sabah erkəndən bir fürsətlə balkonun kənarına gəldim və oradan özümün salamat olduğumu göstərdim. Sevinclərini uzaqdan bildirdilər. Abbasqulu hava öpüşləri göndərirdi.

Bir gün belə tənhalıqda keçdi. Ertəsi gün məni rəfiqəmlə görüşdürdülər. Evdəki və şəhərdəki vəziyyəti ondan öyrəndim. Ona da vəziyyəti söylədim və Stalinlə olan söhbətin xülasəsini bildirərək, dostların nə düşündüklərini və nə tövsiyə etdiklərini öyrənib, gəlməsini istədim.

Beləliklə, dostlarla aramızda bir əlaqə yaranmış oldu. Bu vasitə ilə şəhərdə olub-keçənlər haqqında əməlli-başlı məlumat ala bildim. Bizim tutularaq şəhərə gətirilməmizin ümumi bir həyəcan doğurduğunu, rəsmi hökumət xəbərinin bu həyəcanı sakitləşdirmək məqsədilə belə bir diplomatik əda ilə yazılmış olmasının səbəblərini öyrəndim. Dostum Heydər xan Əmioğlunun mənim xatirimə etdiyi cəsuranə demarşın təfsilatını xəbər aldım. Dostlar Moskvaya getməyimi daha münasib bilirlər. Çünki burada qalmaq təhlükəli imiş, hər cür sürprizlərə hər zaman məruz qala bilərəmmiş.

Vəziyyətimizin aydınlaşmasını istəyirəm

Bir-iki gün də keçdi. Stalinin bizə vəd etdiyi “azadlıqdan” bir əsər-əlamət yoxdur... Əndişəm artır. Vəziyyəti aydınlaşdırmaq üçün ağlıma bir tədbir gəlir. Pankratovla görüşürəm; ona:

- İşim, münasibətlərində qətiyyət və aydınlıq sevən bir partiyanın əlindədir. Yoldaş Stalinə çatdırın: vəd etdiyi azadlıq mənə həqiqətən rəva görülübsə, bu nə zaman gerçəkləşəcək? Bu bir; sonra mənim işimlə əlaqədar Məhəmməd Əli ilə Abbasqulu da tutulmuşlar. Bunların da mənimlə bərabər azad olunmasını rica edirəm. Sonra, Moskvaya getməli olsam, orada tamamilə sərbəst ola biləcəyəmmi?

“Mənim işim” təbirini xüsusi vurğu ilə dedim. Çünki dostum Abbasqulu ilə bərabər həbs edildiyimi bilirsiniz; Məhəmməd Əli də son dəfə bizimlə əlaqə saxladığı üçün həbs edilmişdir. Bundan başqa ta çarlığa qarşı mübarizə illərindən bəri sıx əlaqələrlə bir-birimizə sıx bağlı idik. Məhəmməd Əli də Abbasqulu kimi müxtəlif vaxtlarda gizli fəaliyyət sahələrində birgə məsuliyyət daşıyan yoldaşlarım olduğu kimi milli hərəkatın son illərində də mənimlə eyni sırada olmuşdu. 1911-ci ildə Bakıda “Müsavat” firqəsinin təşəkkülündə bu iki dost mərhum Nağı oğullarından Nağı ilə birlikdə gizli təşkilatın ilk üçlüyünü təşkil etmişdilər.

Pankratov xahişimi Stalinə çatdıracağını deyir, ayrılmaq üzrə ikən mümkün edə bilərsə, məni təkrar mətbəxə köçürməsi üçün əmr verməsini xahiş edirəm:

- Mənə ayırdığınız otaq, şübhəsiz, daha təmiz, havalı və müstəqildir, təşəkkür edirəm; fəqət orada yoldaşlarımla birlikdə bir yerdə idim, məni təkrar yoldaşlarımın yanına qovuşdurmaq lütfünü əsirgəməyin, - dedim.
- Yaxşı, - dedi, ayrıldıq.

Təkrar mətbəxdəyəm. Məhbus yoldaşlarımla bir neçə günlük ayrılıq həsrətini ortadan qaldırır, duyduqlarımız (eşitdiyimiz) yeni hadisələri bölüşdürür, dərdləşirdik.

Yoldaş Stalin inciyib

Gözətçi Pankratovun məni təkrar çağırdığını xəbər verir, gedirəm. “Osobı otdel” şefi ciddi əda ilə:

- Yoldaş Stalin Sizdən inciyib, - deyir.

Diqqət kəsilirəm. Üzümdəki sualı sezən Pankratov davam edərək Stalinin:

- Yoldaş Rəsulzadənin etimadsızlığını haradan qazandıq. Mənim vədimə niyə şübhə edir?! - sözlərini çatdırdıqdan sonra cavab gözləmədən Stalinin adından bunları deyir:
- Mən bir neçə gün də buradayam. Siz (yəni mən) mənimlə bərabər Moskvaya gedəcəksiniz. Sizi Moskvaya gedəcəyimiz gün sərbəst buraxacaqlar. İstəsəniz ailənizi də özünüzlə götürə bilərsiniz. Moskvada tamamilə sərbəst olacaq, həm mənim, həm də Sovet hökumətinin himayəsində olacaqsınız. Ailəniz burada qalmalı olsa, o da Azərbaycan Sovet Hökumətinin himayəsində olacaq. Yoldaşlarınız Məhəmməd Əli ilə Abbasqulu da sizinlə bərabər gedəcəklər.

Nəticəni evə və onların vasitəsi ilə yoldaşlara çatdırdım. Yolçuluğa hazırlaşır, hərəkət gününü gözləyirik.

Tam yerinə yetirilməyən vədlər

Gözlədiyimiz tarix gəldi. Azadlıq günü azadlıq saatına çevrildi. Məhəmməd Əlini saxladığı başqa bir həbsxanadan “Osobı otdel”ə köçürdülər, mənimlə birlikdə azad etdilər. Fəqət Abbasquludan xəbər yoxdur. Ona icazə verməmişlər.

Məhəmməd Əli ilə birlikdə ikimiz də evə gəldik. Mənim olmadığım vaxt doğulmuş iki aylıq oğlum Azər yatırdı. Atasının öpüşündən oyanan uşaq ağlayır. Onun və digər ailə üzvlərinin və bu anda evə toplaşan yaxın qohumların üzüntüləri və xeyir-duası içində vidalaşaraq, qapıda gözləyən maşına minir, vağzal yoluna çıxırıq.

Dükan-bazarı bağlı, dərin bir hüznə dalan Bakının səssiz, həzin küçələrindən keçirik. Vağzala gəldik. Moskva qatarı gözləyir. Stalinin gedəcəyi salon-vaqona mindirildik, başda Stalin olmaqla böyük sovet xadimlərindən Serqo Orconikidze, Budu Midivani (Ankarada milli Gürcüstan hökumətinin elçisi olan Semyon Midivaninin doğma qardaşı) və başqaları burada idi. Stalin bizi qarşılayır.

- Yerli kommunistlər Abbasqulunu sizinlə bərabər göndərmək istəmədilər, nədənsə onun əleyhinə böyük hiddət var, - deyir.

Bir az sonra doktor Nəriman Nərimanov gəlir, bizimlə salamlaşır və dərhal:

- Abbasqulu hanı? - deyə soruşdu. Abbasquluya icazə vermədilər deyirik.

O, tam bir heyrət içində:

- Hm..., biz onun da getməsini demişdik... - deyir.
- Siz ola bilsin ki, demişdiniz, amma olan oldu, icazə vermədilər...

MOSKVA YOLUNDA

Bir az sonra işğalçıların şaqraq qəhqəhələri, yerlilərin də həzin və mütəəssir baxışları arasında qatar hərəkət edir.

Moskva yolundayıq. Normal şərtlər daxilində beşinci gün Moskvada olmalı qatar indi ən azı on beş gün yol gedəcək.

Dərbənd divarları nə üçün çəkilmişdir

İlk stansiya olan Dərbənddə bir-iki gün qalmaq lazım gəlir. Stalin məiyyətilə bərabər Temirxanşuraya (indi Buynaksk) gedəcək, orada Dağıstan sovet muxtariyyətinin təşkili mərasimində iştirak edəcək. Onu müşayiət edənlər arasında o zaman Moskvada intişar edən “Vostok” (Şərq) jurnalının məşhur müdir və mühərriri Mixayloviç (əvvəllər Volontyor adını daşıyan inqilabçı bir emiqrant) da var. Bu imza ilə “Bakinski raboçi” qəzetində çıxan bir məqalədə tarixi Dərbənd divarlarına aid bir yazı dərc edilmişdi. Hələ Sasanilər zamanında çəkilmiş, sonra da ərəblər zamanında təmir olunmuş bu divarlar, Mixayloviçin məqaləsinə görə, cənubdan gələn təcavüzlərə qarşı yaradılmış bir sədd olaraq təqdim edilirdi. Uzaqdan görünən Dərbənd divarlarına baxmaqla bu məqalənin həqiqətə uyğun olmadığını anladım. Stalin dərhal gözlərilə aradı və bir az o tərəfdə başqaları ilə söhbət etməkdə olan Mixayloviçi çağırdı:

- Qulaq as, - dedi. - Sən özünü tarixçi hesab edirsən, bax Rəsulzadə nə deyir. Dərbənd divarları cənuba deyil, şimala qarşı yaradılmış bir sədd imiş...

Salon vaqonda kimlər vardı

Stalinin salon-vaqonuna bağlanmış dəftərxana vaqonunda bizə bir kupe ayrılmışdı. Bu vaqonda bizdən başqa vaxtilə Polşanın kiçicik qəsəbələrinin birində silah zavodunda dəzgahdar işləmiş, indi Stalinin dəftərxana müdiri olan Berzanovski də var idi. Yəhudi əslindən olan bu Berzanovski rus aristokratlarından dul bir qadınla evli idi. Bu qadın əri ilə bərabər dəftərxana katibliyi vəzifəsini daşıyırdı. Yanında əvvəlki ərindən 8 yaşlarında bir qızı da var idi.

Bizim kupenin yanındakı kupeni də əvvəllər Peterburqda (sonra Leninqrad) pinəçilik edən vaqon bələdçisi, simpatik Davidov işğal etməkdə idi.

Dəftərxana vaqonu bizim üçün eyni zamanda vaqon-restoran idi. Yeməyimizi Berzanovski ailəsi və Davidovla birlikdə elə burada yeyirdik.

Uzun sürən yolçuluğumuzun yeksənək olduğunu söyləsək həqiqətə çox da uyğun olmaz. Hər səhər qalxanda kupeni taxtabitilərdən təmizləmək tualetimizin zəruri işlərindən idi. Bununla belə dəftərxana süfrəsində aylarla çəkdiyimiz sıxıntının əvəzini çıxır, Azərbaycanın qara kürüsünü qırmızı vaqonda öz halal malımız kimi yeyirdik.

Stalinin xatirələri

Yolçuluğun verdiyi fürsətlərdən istifadə edərək Stalin bizi ara-bir öz salon-vaqonuna çağırırdı. Bəzən də dəftərxana vaqonuna gələrək oradakılarla ordan-burdan danışırdı.

Bəzən madam Berzanovskinin qızı ilə söhbət edər, zarafatyanı “sən Dədə Vilsonun 14 maddəsini bilirsənmi? - deyə “lətifə” danışar, bəzən də öz sərgüzəşt və macəralarına aid xatirələr söylərdi. Şimalda sürgündə olduğu eskimoslar arasında balıq ovu ilə dolandığı və bu işdə istifadə etdiyi üsul sayəsində yerlilərdən daha müvəffəqiyyətli olması səbəbindən onların nəzərində az qala kəramət sahibi bir övliya kimi göründüyündən və odur ki, şəxsiyyətinin sitayiş edildiyindən açıq bir zövqlə bəhs edirdi. Stalin eskimosların gözündə hər şey imiş; xəstələnəndə onun yanına gəlirlərmiş; o da verdiyi bəzi sadə həb və tozlarla yüngül xəstəliklərin qarşısını alırmış. Bir gün eskimos dilbərlərindən birisi müalicə üçün onun yanına gəlibmiş; müayinə əsnasında cinsi bəzi vəziyyətlər alıbmış. Stalin əhəmiyyət verməyib. Halbuki bu dilbər, zəkası ilə eskimoslar arasında məşhur olan bir qəhrəmandan hamilə qalmaq istəyirmiş...

Eskimoslar arasında görünən bu cinsi toleransa müqabil, sözü Qafqaz millətlərindəki erotik əhlaqın ciddiyyətinə gətirən Stalin Dağıstanda təzəcə verdiyi edam əmrini bizə danışır. Kommunist Partiyasının inqilab sahəsində xidmətləri olmuş, sınanmış üzvlərindən biri komissar vəzifəsindən sui-istifadə edərək, dağlı bir qızın namusuna toxunubmuş; Stalin onun ən böyük cəza ilə cəzalandırılmasını əmr edib. Partiya və sovet xadimləri bu yoldaşın dəyər və xidmətlərini nəzərə alaraq Stalinin yanında onun üçün zəmanət vermiş, fəqət o, “qətiyyən olmaz, elə indi xalqın gözü qarşısında edam ediləcək” demişdir; çünki “müsəlman xalqı bu xüsusda göz yummağı qətiyyən bağışlamaz!” Dağlardakı “adətlərə”, buradakı “namus” anlayışına hörmət hökumətə etibar baxımından əsasdır.

İrana tətbiq olunan siyasət

Yol boyu söhbətlərdə, təbii ki, hər cür mövzulara toxunulur və əsasən Qafqazda cərəyan edən hadisələrlə bağlı olaraq bir qrup tanınmış şəxslərin oynadıqları rollardan və xarakterlərindən bəhs açılırdı. Qafqazdakı şərait və o zamankı hadisələrdən xəbəri olanlar üçün maraqlı olması şübhə doğurmadığına baxmayaraq, dünya əfkari-ümumisini çox o qədər də ilgiləndirməyən bu təfərrüatdan sərf-nəzər edərək, yol boyu edilən söhbətlərdə toxunulan mövzuların yalnız ən mühümlərini burada qeyd edəcəyəm.

Stalin bir gün İrana qarşı tətbiq edilən siyasət məsələlərinə toxundu.

- Mən Bakıya gələndə, - dedi, - baxdım ki, bizimkilər İrana hücum planları hazırlayırlar. Dərhal mane oldum (o zaman Azərbaycanın sovetləşdirilməsindən sonra yerli bolşeviklər İranın Gilan vilayətinə hücum edərək İran hökuməti ilə ixtilafa düşmüşdülər).

Nə üçün mane olduğunu belə izah etdi:

- İranı sovetləşdirməyə başlamaq yanlış bir hərəkətdir. Orada nəinki cümhuriyyət, konstitusiyalı bir monarxiya rejimini möhkəmləndirmək belə kifayət qədər mütərəqqi bir işdir. Sosializm və kommunizm prinsiplərini oralarda tətbiqə girişmək macəraçılıqdan başqa bir şey deyildir, - dedi.
- Yaxşı, İran üçün təsbit etdiyiniz bu taktikanı niyə Azərbaycana tətbiq etmirsiniz, demirəm; çünki bilirəm burada Bakı kimi bir sənaye mərkəzi və proletariat hərəkatı vardır, deyəcəksiniz. Bəs Türküstan? Ona nə deyirsiniz; oradakı şərait İrandakı şəraitə bənzəmirmi? Niyə “İran taktikasını” oraya tətbiq etməyəsiniz?

Stalin bir az düşündü:

- Necə də olsa, Türküstanda rus məktəblərindən çıxmış ziyalılar var, - dedi.
- Bu cavab heç də marksist bir izah olmadı, elə deyilmi? - deyə etiraz etdim. Mübahisəni dərinləşdirmədi.

Rus-alman əməkdaşlığı

O zamankı vətəndaş müharibəsi və inqilabi hadisələrin cürbəcür səhnə və məsələlərinə təmas edən Stalin xarakterik bəzi hekayələr danışır və cümlələr işlədirdi.

Dünya inqilabı tezisi söhbətlərin ana mövzusu idi. O, dünya inqilabının baş tutması üçün rus-alman əməkdaşlığına fövqəladə əhəmiyyət verirdi. Bu baxımdan Ropolloda bağlanmış müqaviləni öyürdü. Bu müqaviləyə görə rus inqilabi imkanları ilə Almaniya yaradıcı qüvvələri arasında səmimi bir ittifaqın yaradılması lazım idi; Rusiyanın dünyanı doyurmağa kifayət edəcək sərvətləri ilə Almaniyanın texniki istedad və qabiliyyəti bir araya gəlincə dünya inqilabının müvəffəqiyyətinin qarşısını ala biləcək bir qüvvə tapılmaz; Lenin indi tətbiq etmək istədiyi beşillik planla Rusiyanın kənd təsərrüfatını Almaniyanın möhtac olduğu yeyinti məhsulları ilə təmin edəcək bir hala gətirmək əzmindədir, - deyirdi.

İngilislərə qarşı nifrət

Dünya inqilabını qısır salan və dolayısı ilə müstəmləkə və yarımmüstəmləkə halında olan bütün millətlərin azadlıq və qurtuluşlarına əngəl olan dünyada bir qüvvə varsa, o da İngiltərə imperializm qüvvəsidir, - deyirdi.

Söhbət buraya gəlincə Stalinin səsi sərtləşdi və intiqam qığılcımı saçan parlaq gözləri ilə uzağa baxaraq:

- Mənim vicdanımda 59 ingilisin qanı vardır. Yumruğu bükülü əlini havaya qaldıraraq, bunları şəxsən öz əlimlə öldürmüşəm. İndi polkovnik Stoks deyilən bir əclaf var, o da bir əlimə keçsə, ürəyim of deməz, o saat gəbərdərəm, - deyir.

Stalinin hiddət və nifrətlə andığı bu “əclafı” şəxsən tanıyıram. Onunla 1911-ci ildə Tehranda tanış olmuşdum. O zaman orada “İrani-nou” qəzetinin baş redaktoru idim. Avropa üsulunda İranda ilk dəfə olaraq təsis olunan bu gündəlik demokratik qəzet getdikcə artan rus nüfuzunun intriqaları ilə bağlanırdı. O günlərdə Amerikadan İranın maliyyəsini islah məqsədi ilə gələn məşhur Morqan Şusterlə etdiyim siyasi müsahibənin qəzetdə dərc edilməsinə görə Rusiya səfarəti məni İrandan xaricə atdırmaq üçün təşəbbüs etmişdi. Dünya mətbuatı bizim müqəddəratımızla yaxından maraqlanırdı. O cümlədən Parisdə çıxan “Siyeql” qəzetinin Tehrana gəlmiş xüsusi redaktoru “İrani-nou” qəzeti ilə mənə həsr edilmiş böyük bir reportaj dərc etmişdi. O zamankı İran xarici işlər naziri yaxın dostum mərhum Hüseyn xan Nəvvab mənim şərəfimə verdiyi axşam yeməyinə indi İran senatının sədri olan digər dostum Seyid Həsən Tağızadə kimi şəxslərlə birlikdə “Telmis” qəzetinin müxbiri ilə ingilis səfirliyinin hərbi attaşesi Stoksu da dəvət etmişdi. Stoks İrandakı irtica qüvvələrini müdafiə edən Rusiya siyasətinin əzmkar müxalifətlərindəndi.

Daha sonra Stoksla görüşmüşdük. Birinci dünya müharibəsində qalib gələn müttəfiqlər adından Azərbaycanda olan ingilis işğal qüvvələri komandanı general Şatelvortun ştabında siyasi müşavir idi.

Stalinin adını hiddət və təhdidlə çəkdiyi Stoks elə bu Stoks idi.

İngilis-rus rəqabəti

Söhbət bir aralıq bolşeviklərin təqib etdikləri və edəcəkləri Şərq siyasəti üstünə gəlmişdi. Bu məsələdə görüşlərini izah edərkən Stalin çarlar dövründəki məşhur ingilis-rus rəqabətilə indiki ingilis-rus, onun təbiri ilə ingilis-sovet münasibətlərinin bir-birindən radikal şəkildə ayrıldıqlarını anladaraq:

- O zaman iki yırtıcı qarşı-qarşıya durmuşdular; indi isə (bir müstəmləkəçiyə qarşı bir xilaskar durur, deyəcəyini sezərək, sözünü tamamlamağa fürsət vermədən):
- İndi isə iki xilaskar durur, - dedim.

Fəqət Allah bizi bu xilaskarlardan saxlasın, düşmənlərlə biz özümüz bacararıq, anlamındakı rus zərb-məsəlini təkrar etdim.

İran haqqında xatirələrim

Söz dönüb-dolaşıb yenə İran üstünə gəlmişdi. Bu münasibətlə mən İrandakı məşrutə hərəkatında iştirakımla bağlı orada gördüyüm hadisələrə toxunan xatirələrimi danışırdım; o cümlədən təxminən 1911-ci ildə İrandan sürgün edildikdən sonra İstambulda İran inqilabı haqqında təəssüratlarımın bir qismini nəşr etdirdiyimi, digər qisminin isə nəşr edilməmiş qaldığını söylədim.

Stalin dərhal maraqlandı, bunları Moskvada nəşr edək, bizim üçün çox maraqlı olar, - dedi.

- Yazılar yanımda yoxdur, Bakıda qaldı, - dedim.
- Məhəmməd Əli elə indi geri dönsün, materialları gətirsin, - dedi.
- Hələlik qalsın, birdəfəlik Moskvada yerləşdikdən sonra baxarıq, lazım olarsa, Məhəmməd Əli oradan da Bakıya gələ bilər, elə deyilmi? - dedim.

Sultan Məhəmməd Fateh

Stalin bizə bolşevik partiyasının ona vermiş olduğu bir mövzunu işləməklə məşğul olduğunu danışırdı. O, dövlət və inqilab işlərindən boş vaxtlarında “Leninizmin əsasları” mövzusunu araşdırmaqla məşğul idi. Bu münasibətlə ideoloji və tarixi bəzi məsələlər ətrafında söhbət etməyi sevirdi. Bir gün mənə:

- Mamed Saltan kimdir? - dedi.
- Mamed Saltanmı? Bu adı harada gördünüz? - deyə soruşdum. Yadına sala bilmədi.

Plexanovda görmüş olduğunu sonradan başa düşdüm. Demə Mamed Saltan dediyi şəxs Sultan Məhəmməd Fateh imiş.

Rus çarlığının qurucusu olmaqla bərabər çar mütləqiyyətinin də ideoloqu sayılan Müdhiş İvan (İvan Qroznı) üçün Presvetov tərəfindən Sultan Məhəmməd Fatehin idarəsini xülasə edərək yazılmış bir əsər vardır. Rus sosial-demokratlarının məşhur ideoloqu Plexanov Rusiya tarixinə aid yazdığı əsərində bu kitabdan iqtibasla “Mamed Saltan”dan bəhs etməkdədir. Stalinin heç cür tanımadığı və öyrənmək istədiyi “Mamed Saltan” elə bu idi: Sultan Məhəmməd Fateh!

Müdhiş İvan bir idealdır

Müdhiş İvan Stalinin dünya görüşündə çox kök salmış, nümunəvi bir simadır. O, bir dövlətin ancaq terrorun işləndiyi metodlarla yaradıla biləcəyinə inanır. Qurucu bir dövlət adamının ən təsirli istifadə etdiyi silah terrordur. Mərkəzdən qaçan qüvvələri bir mərkəz ətrafında birləşdirmək üçün, onun fikrincə, İvanın etdiklərindən başqa bir hərəkət qabil deyildir. Tarixin inkişaf amili xalq deyilən amorf kütlə deyil, inqilabçı əqəliyyət (azlıq) zümrəsidir. Bu zümrə məqsədə çatmaq üçün müəyyən bir plan qurar, kütləni bu plana uyğunlaşdırmaq üçün onu zorlayar. Dünyanın bütün inqilabçıları belə etmişlər. Stalinə görə Müdhiş İvan da bir növ inqilabçı idi.

Mən terrorun bir sistem olaraq faydalı olduğunu düşünmənin doğru olmayacağını izah etmək istədim. Fransa inqilabından bəzi misallar gətirməyə başladım.

O, bir az dinlədi və:

- Yox, - dedi, yanılırsınız, terrorun, hələ kütləvi terrorun tarixdəki rolu mühümdür. Biz bolşeviklər, təbii ki, şəxsi terroru qəbul etmirik. Bunun faydası yoxdur. Bu, eserlərin sistemidir. Fəqət kütləvi terror başqa, onu qəbul və tətbiq edəcəyik. Bunun faydası isə şübhəsizdir, - deyə davam etdi:
- Bir adamı öldürməkdən, əlbəttə, bir şey çıxmaz; bir çox adamı birdən öldürmək ki, kütləvi bir təsiri olsun, - dedi və əlavə etdi: “Biz tərbiyə etmək üçün xalqa kütlə halında təlim verəcəyik, bu təlimatımıza asanlıqla uymaları üçün onları lazım gəlsə kütlə halında cəzalandıracağıq”.

Demokratiya məfhumuna nifrət

Kütlənin məntiqlə qandırılacaq bir şey olmadığını isbat etmək üçün o vaxtilə Tiflisdə menşeviklərdən Xomeriki ilə öz arasında olan bir macəranı danışdı.

- Mən, - dedi. - Rusiya Sosial-Demokrat Fəhlə Partiyası Mərkəzi Komitəsi tərəfindən (komitənin başında Lenin dururdu) göndərilmişdim. Xomeriki də eyni Sosial-Demokrat Partiyasının Tiflis Təşkilatı Mərkəzinin nümayəndəsi idi. Əksəriyyəti fəhlələrdən ibarət olan yerli partiyaçılar kütləsi qarşısında mərkəzi komitə ilə yerli təşkilatın iki nümayəndəsi sifəti ilə mənimlə Xomeriki görüşlərimizi izah etdik. Bir həftə tamam mübahisə etdik. Bir neçə dəfə mən, bir neçə dəfə də Xomeriki öz tezislərimizi müdafiə etdik. Nəhayət, münaqişələrdən bir nəticə almaq lazım gəlirdi. Bir qərar layihəsini mən, bir qərar layihəsini də Xomeriki qələmə alaraq iclasa təqdim etdik. İki qərar layihəsindən birini səs çoxluğu ilə qəbul etməli idilər. Halbuki nə oldu. Müvəqqəti olaraq ikimizin də iclasdan bayıra çıxmamızı tələb etdilər. Bir az sonra iclas yenidən başlandı və bizi də çağırdılar. Nə qədər versələr bəyənərsiniz:
- Xomeriki yoldaşı çox sevirik, illərdir bizə başçılıq edir, onunla bərabər işləmişik. Koba yoldaş da mərkəzi komitənin müvəkkilidir, onu da çox sevirik. Düşündük-daşındıq; ən yaxşısı bu iki yoldaşı bir otağa salaq, qarşılıqlı anlaşmaya gəlsinlər, ikisini də təmin edən bir formul tapsınlar, biz də onu qəbul edək, - deyə qərar verdilər.

Bu hekayəni danışdıqdan sonra Stalin bizə xitabla:

- Xomerikiyə bu da sənin demokratiyan! dedim, - deyir.

Demokratiyaya nifrətini və inqilabçı əqəliyyət prinsipinə, diktatorluğa bəslədiyi simpatiyanı ifadə edən daha bir misal gətirək.

Rusiya inqilabının əvvəllərində “proletariat” sinfini idealizə etmək bir moda idi. Proletariata əl dəyilməz, proletariat nə edərsə ona təhəmmül olunur, müğayir şərtlər ortaya ataraq tətil edərsə də onu zorla işlətmək olmaz kimi düşüncələr xüsusilə sosialist partiyalar tərəfindən demaqoji bir surətdə “proletar əfəndilərə” təlqin olunmuşdu. Fəhlə sinfinə bu təlqini aşılayanların başında şəxsən bolşeviklərin özləri dururdu. Elə bizimlə ilk tanışlığında şəxsən Stalin də bu sinfi seçilmiş, qabaqcıl bir sinif deyə öymüşdü.

“Ağ”lara qarşı mübarizə əsnasında Volqa boyunda bir gəminin yükünü boşaltmaq lazım gəlmiş, sahildəki fəhlələr işləmək istəməmişlər; Stalin o saat onların içindən 20 adamlıq ilk partiyanı dərhal güllələtmiş, gəminin boşaldılmasını təmin etmişdi. Bunu bizə böyük bir iftixarla danışırdı.

Xalq görsə inqilab olar

Salon-vaqonda yemək süfrəsi başında ikən qatarımız qələbəlik bir stansiyada dayandı; burada bir az gözləyəcəkdi. Stalin Məhəmməd Əliyə pərdələri endir dedi. Məhəmməd Əli:

- Yoldaş Stalin, bu niyə? - deyə soruşdu.
- Bayırdakılar masamızı görməsinlər, - dedi.
- Görürlər görsünlər, nə olar ki?..
- Qulaq asın, necə yəni nə olar, səfalət və məhrumiyyət içində olan xalq bizim bolluq içində olduğumuzu görsə inqilab olar, bilmirsən?

Trotskiyə qarşı dərin bir nifrət

Vətəndaş müharibəsi və inqilab zümrəsi içindəki çəkişmələrə, bolşevik-menşevik münaqişələrinə aid cürbəcür mövzular ətrafında inqilab aktyorlarından bəhs edən Stalin, Lenindən böyük bir ehtiramla bəs edir, onun rus olduğunu yerli-yersiz qeyd edirdi.

O zaman adı Leninin adı ilə bərabər çəkilən Trotskinin hər şeydən əlavə yəhudi olması səbəbindən başda ola bilməyəcəyini söylərdi. “Xalq dövlətin başındakı şəxsə çox diqqət edir. Onun bütün sümüklərini bir-bir öyrənir, əslinə-nəcabətinə əhəmiyyət verir” - deyirdi.

Bu arada bir münasibət gətirərək özünə Leninin nədən daima Lenin adı yanında bir də Ulyanov adını qeyd etməyi unutmamasının səbəbini soruşdum (görünür, Lenin bunu özünün yəhudi deyil, əsil rus olduğunu göstərmək üçün edirdi). Bir az düşündü və: “Bunun səbəbini bilmirəm”, - dedi.

Lenin Stalin üçün “böyük bir müəllim”, “dahi bir rəhbər” idi. Nə qədər sərt və çətin əmrləri olurdusa, bunları mütləq yerinə yetirmək onun üçün bir zövq idi. Sarisın (sonra Stalinqrad) cəbhəsi müşkül bir vəziyyətdə ikən Lenin nə bahasına olursa-olsun Sarisını əldə saxlamalısan deyə göndərdiyi teleqrama Stalin “əlim titrəməz!” deyə cavab vermiş və özündə zəiflik hiss edən hər kəsi güllələtmək surətilə istənilən nəticəni təmin etmişdi.

Trotskiyə gəlincə, bu “əski menşevik”dən Stalin istehza ilə danışırdı. Stalinə görə o, təmtəraq sevən, xudpərəst, qeyri-səmimi, dəyərsiz, yalançı bir dil pəhlivanı imiş. Uzun zaman bolşevik əleyhdarı bir menşevik ikən onun Leninə yalnız son dəmdə “zəfər təranəsi çalaraq gəldiyini” istehzalı bir dillə qeyd edirdi. 1919-cu ildə Varşava altındakı məğlubiyyəti üçün Qızıl Ordu Stalinin ifadəsinə görə yalnız Trotskinin ədəbazlığına borclu imiş.

Antisemitizm

Trotskini tənqid və istehza edərkən Stalinin ifadəsindən çox da gizlədilməyən bir antisemitizm qoxusu gəlirdi. Bir gün qatarımızın durduğu stansiyaların birində bayırdan içəri girən Stalin müəmmalı bir əda ilə mənə xitab edərək:

- Yoldaş Rəsulzadə, Siz Qaşqar proletariatını tanıyırsınızmı? - deyə soruşdu.
- Orada proletariat nə gəzir! - deyə cavab verdim. O:
- Hə!.. Cühudun (rusca həqarətlə deyilən “jid” təbirini işlədərək) birisi gəlib, özünü mənə Qaşqar proletariatının nümayəndəsi deyə təqdim edir, belə bir proletariatdan xəbərim yoxdur, deyə onu rədd etdim. - dedi.

Avropalılar haqqındakı hissiyyatı

Çiçerinin xarici siyasətdəki rolunu da Stalin ciddi saymırdı. “Tülkü avropalılar bizim hərif diplomatlarımızı aldadırlar” deyirdi. Gürcü və rus dillərindən başqa bir dil bilməyən və Avropaya qısa müddətdə yalnız bir dəfə Leninlə görüşmək üçün gedən və orada ikən son dərəcə sıxılan Stalin Avropa mədəniyyəti deyilən şey haqqında yüksək bir fikir sahibi deyildi. Onun üçün bu mədəniyyət slavyanofillərin düşündükləri kimi çürümüş bir mədəniyyət idi. Əsil yeni və sağlam mədəniyyəti sovetlər yaradacaq, buradan dünyaya yeni bir işıq yayılacaqdı.

Bu gün Rusiyada artıq çəkinmədən təriflənən mədəni sahədəki rus liderliyi Stalinin söhbətlərində hələ o zaman sezilirdi. Rus onun üçün dünyanın mənən olduğu kimi təbiətcə də ən məhsuldar bir milləti idi. Kənddə rast gəldiyi hamilə rus qadınının “on beş uşağım var, on altıncısı da elə buradadır”, deyə böyük bir iftixarla qarnını göstərdiyini, bəhs etdiyi qadını təqlid edən bir jestlə canlandırırdı.

Avropa kapitalistləri öz mədəniyyətlərini ya İngiltərə və Fransa kimi əllərinə keçirərək müstəmləkələrinə çevirdikləri ölkələr hesabına, ya da Almaniya kimi məğlubiyyətə uğratdığı Fransanı hərraca qoymaq surəti ilə təmin etmişlər. Sənayecə bu millətdən çox geri qalan Rusiyanı inkişaf etdirmək üçün daxili müstəmləkəçilikdən istifadə etməkdən başqa bir çarə qalmamışdır. Leninin təsəvvür etdiyi beşillik plan isə inqilabi Rusiyanı bir an əvvəl sənayeləşdirməyə yönəlmiş bir əzmdir. Rusiyada əzəmətli bir sənayeləşdirmə planı tətbiq olunacaq; bu sahədə əsrlərin nəticəsi olan gerilik aradan qaldırılacaq; kommunist inqilabını bütün dünyaya yaymaq üçün müstəmləkə və yarımmüstəmləkə halında olan bütün Şərq millətlərinin Qərb kapitalistlərinə qarşı apardıqları istiqlal mübarizəsinə özləri həm dayaq, həm də rəhbər olacaq.

Stalinin bu yolda elə “siqayi-müzari” ilə (indiki-gələcək zaman formasında) bəhs etdiyi planlara qarşı cəbhədən hücum etmək bizim vəziyyətimizdə olanlar üçün bir “nəzakətsizlik” olardı; /onun/ nəzəri-diqqətini görülmək üzrə olan işlərin bu xüsusda çox da ümidverici bir halda olmadığına işarə etməklə təmin edirdik; Sovet sistemində insanın bir fərd və bir şəxsiyyət olaraq ortadan qaldırıldığını irəli sürürdük.

Millətlər məsələsi

Stalinin qızğınlıqla mübahisə açdığı məsələlərdən biri də milli məsələ idi. Bolşevik partiyasının milli məsələ sahəsindəki nəzəriyyəsi və praktikası üzrə mütəxəssisi sayılan Stalinin bir də Millətlər komissarı olması təsadüfi idi?..

Menşeviklərin milli məsələdəki taktikasını şiddətlə rədd edən Stalin Avstriya sosialistlərindən Otto Bauerin müəyyən bir əraziyə bağlı olmadan milli-personal (milli-mədəni) muxtariyyət prinsipinə dayanan sistemini şiddətlə tənqid edir. Bir millət üçün yalnız mədəni işlərdən ibarət bir muxtariyyətin qətiyyən kifayət etməyəcəyini, millətləri təmin edən şeyin hər şeydən öncə özlərini şəxsən idarə etməkdən ibarət olmasını deyir. Rusiya daxilindəki millətlər üçün milli-personel deyil, milli-territorial (milli-ərazi) bir muxtariyyətin qəbul edilməsi lüzumunu irəli sürür.

Sovet hökumətinin iş başına gələr-gəlməz nəşr etdiyi məşhur dekreti dəlil kimi göstərirdi.

Fəqət mən nəzəriyyədə “dekretləşmiş” olan prinsipə, praktikada çox da riayət edilmədiyinə və bunun ən yeni misalı olaraq müqəddəratına şəxsən sahib olmaq istəyən Azərbaycanın qüvvə tətbiq edilərək sovetləşdirildiyinə işarə edərkən o:

- Əsasında şayani-təqdir olan təyini-müqəddərat hüququ mütləq deyil, fəhlə inqilabının baş mənafeyinə tabeli bir hüquqdur, - dedi.
- Bu kimi şərtə aid qeydlərlə ən mükəmməl prinsipləri praktikada güddükləri məqsədlərin tam əleyhinə olan nəticələrə çıxarması mümkündür, - cavabını verdim.

Stalinlə bu söhbət mənə 1917-ci ilin mayında Moskvada Rusiya Müsəlmanları Qurultayında olan mübahisələri xatırlatdı. Orada mən Rusiyanın milli-territorial muxtariyyətlərə ayrılması prinsipini müdafiə edir, Əhməd bəy Salkov isə Rusiyanın mərkəzi demokrat bir hökumət halında qalaraq millətlər üçün yalnız milli-mədəni işlərlə məhdudlaşdırılan “milli-personal bir muxtariyyət” tələb edirdi. Nəticədə qurultay əksəriyyətlə bizim istiqlal tezisimizdən çıxan milli-territorial muxtariyyət tələb edən qərar layihəsini qəbul etmişdi. Qurultaydakı bu mübahisələri söz gəlişi danışdığım zaman Əhməd Salkov haqqında Stalin:

- Məqsədsiz, rusofil bir menşevik deyilmi? - dedi. - Və biz də bu günlərdə inqilab hazırlığı ilə məşğul idik, - deyə əlavə etdi.

Müəmmalı bir hadisə

Səfərimiz Türkiyə-sovet münasibətlərinin çox gərgin bir dövrünə təsadüf etmişdi. Kamalçı Türkiyədən Moskvaya bir heyət göndərilmişdi. Heyət Moskvada müzakirələr apardığı vaxt Ankara hökumətinin o zamankı xarici işlər naziri Bəkir Sam bəyin Fransada imzaladığı birtərəfli müqavilə sovetlərin narahatlığına səbəb olmuşdu; Türkiyəyə göndərilməkdə olan hərbi sursat göndərilməsi dayandırılmışdı. Bu münasibətlə Ankara ilə Moskva arasında yazışmalar davam edir, dalbadal alınan teleqramlarda Stalinin mülahizəsinə müraciət olunur, onun fikri soruşulurdu. Moskvadan gələn narahatlıqlarla dolu bu təcili teleqramları Berzanovski ona göstərdikcə Stalin:

- Ziyanı yox, gözləyərlər, - deyə cavab verirdi.

Əhəmiyyətli teleqramların yağmaqda olduğu bu günlərdən birində salon-vaqon rəisi Davidov bizim yanımıza gəldi:

- Yoldaş Stalin sizi o biri vaqona köçürmək istəyir, hazırlaşın, - dedi.

Bu zərurət nədən doğdu? Davidovdan bir şey soruşmadıq. Hər halda bu yaxşı bir əlamət deyildi, narahatlıq içində başımıza nələr gələcəyini acizanə şəkildə gözləyirdik. Şeylərimizi yığdıq; hər saat yerimizi dəyişməyə hazır bir vəziyyət aldıq...

Xəbər günorta verilmişdi. Axşama qədər bir hadisə olmadı. Gecəni narahatlıqla keçirdik. Səhər oldu. Davidov bir neçə dəfə gəldi-getdi, bir şey demir. Öz-özümüzə “təhlükə sovuşdu” deyirik, amma xəbərin səbəbini heç cür izah edə bilmir, maraq içində gözləyirdik. Məsələni Berzanovski və ya Stalindən soruşmağa da münasib görmürük. Nəhayət, zehinlərimizi müəmma ilə yox, hazırkı vəziyyətlə məşğul etməyə başladıq, özümüzü bizi bezdirən həşəratlardan kupeni təmizləmək işi ilə məşğul etməyə üstünlük verdik.

Hadisənin nədən ibarət olduğunu sonra bildik. İrəlidə anladacağım kimi Moskvada onunla bir tavan altında yaşadığımız Davidov bir gün bizə danışdı. Yolda gələrkən sizi başqa kupeyə köçürəcəkdik, sonra bundan vaz keçdik, səbəbini bilirsinizmi? - dedi və izah etdi:

- Berzanovski gəlib, Stalinə Türkiyə məsələsi üzrə teleqramlar gəlir-gedir, Rəsulzadələr də dəftərxana vaqonunda, işin məxfi tərəfi pozulur, demişdi. Stalin bundan sonra mənə sizi başqa bir kupeyə köçürmək əmri vermişdi. Sonra məndən Rəsulzadələr özlərini necə aparır deyə soruşdu. Mən də çox təmkinli və sakit insanlardır, yeməklərini yeyib, sonra öz kupelərinə çəkilir, başqa heç bir şeyə qarışmırlar, dedim.
- Mən onları yaxşı tanıyıram. Onları rahat burax. Yerlərində qalsınlar, - dedi.

MOSKVADA İKİ İL

Bakıdan ayrılalı on beş gün olurdu. Moskva ətrafına gəlmişdik. Harada yerləşəcəyimizi düşünürdük. Yəni bir məchulatla qarşılaşırdıq. Stalin münasib bir yer müəyyənləşənəcən vaqonda qalmağı münasib hesab etdi. Bu məqsədlə aşpazı da vaqonda saxladılar. Bir manevr ilə vaqon əsas yoldan aralanaraq, yan yollardan birinə verildi. Sonra bizi vaqonla birlikdə təmirxanalardan birinə apardılar. Gecəni orada keçirdik. Səhər tezdən çəkic zərbələri bizi yuxudan oyatdı. Demə, vaqonumuz təmir edilirmiş. Üç gün bu şəraitdə yaşadıq. Dördüncü gün Berzanovski Davidovu göndərib, bizi öz evinə apardı. Burada, Davidovun da olduğu mənzildə bizə bir otaq ayrılmışdı.

Bu, Stalinsayağı bir iş idi; həm hörmət göstərilmiş, öz katibinin mənzilində bizə bir otaq ayrılmış, həm də bütün hərəkətlərimiz daimi bir nəzarət altına alınmış olurdu. Göz dustağı elə bu qədər olur.

Hərbi kommunizm dövrünün Moskvası

İqamətgahımız müəyyən olunduqdan sonra zəruri formal işlər görülmüş, bizə “Raboçaya knijka” - “İşçi dəftəri” deyilən bir şəhadətnamə verilmişdi. Bu dəftər sayəsində biz ümumi yemək yerlərindən birinə qeyd olunur, oradan şorba ala bilirdik. Aldığımız bu şorbanın Bakının “Osobı otdel” deyilən həbsxanasında aldığımız şorbadan fərqi yox idi. Onun qədər bir bulanıq suya bənzər və eyni qoxunu verərdi.

Bu bulaşıq suyu almaq üçün sıraya durur, qapıdan içəri girərkən bir dəmir boşqabla bir qaşıq alır, böyük bir səbir və itaətlə ta böyük qazanın başında duran şorbaçıya qədər gəlirdik. İtaətlə uzadılan boşqaba bir çömçə şorba tökülüncə, sıradakı yerimizi eyni itaətlə gözləyən bir başqasına tərk edərdik. Bu mərasim günorta vaxtı hər gün təkrar olunurdu. Səhər və axşam yeməklərini isə hamı kimi biz də öz imkanlarımızla hazırlamaq məcburiyyətində idik. Bu məqsədlə bəzən ərzaq mərkəzlərindən alına bilən təyinatdan, bəzən də çox sıx bir təqib altında olan qara bazardan istifadə edə bilirdik.

Moskvanı ilk dəfə 1917-ci ilin mayında görmüşdüm. Bu dəfəki isə Moskvaya ikinci gəlişim idi. O zaman beş-on gün üçün Rusiyada müsəlman-türk ellərinin ən yaxın tarixində mühüm bir yeri olan Müsəlman qurultayında iştirak üçün gəlmiş olduğumdan, bu qurultayın müzakirələrinə dalmış, şəhəri görmək fürsəti çox da tapa bilməmişdim. İndi isə vaxtımız boldur. Moskvada qalmağı bizim üçün daha münasib görmüşdülər.

Ortodoks kilsəsinin sitayişinə nail olan əski Moskof çarlarının paytaxtında indi hər cür din və məbədləri inkar edən kommunist inqilabının liderləri hökmrandır. Şəhərin hər tərəfində ilk gözə çarpan şey bu liderlərə aid olan fotoqrafiyalardır. Bunlar arasında Lenin və Trotskinin fotoqrafiyaları birinci sırada gəlir. Qəzetdəki məqalələr, xalqa xitab edən nitqlər, müxtəlif nəşriyyatlarda çap olunan klişelər də ilk sırada bu iki liderə aiddir. Bunlardan sonra Zinovyev, Kamenev, Çiçerin, Radek, Tomski, Lunaçarski, İoffe, Frunze və sairə kimi şəxsiyyətlərin isim və fotoqrafiyalarına rast gəlmək olur. Adı az çəkilən, hələ fotoqrafiyasına adətən heç yerdə təsadüf olunmayan birisi varsa, o da Stalindir. Partiyanın baş katibi, Rabkin deyilən fəhlə-kəndli müfəttişi camaat arasında adətən tanınmır. Hələ tamamilə təşəkkül etməmiş olan Millətlər Komissarlığından (Narkomnats) heç kimin xəbəri yoxdur.

İlk günlərdə hamının kiçik və adi gördüyü bu üç müəssisənin irəlidə bütün rəqiblərini ortadan qaldırmaq üçün Müdhiş İvanı örnək bir hökmdar deyə idealizə edən Stalinə diktatorluğunu təsisdə çox yaramış olduğunu hadisələr bizə göstərmişdir.

Ölümündən bir neçə il əvvəl qocaman büstünü Himalay dağlarında bir qüllənin başına qoydurub, oradan idarə etdiyi Yevraziyanın geniş sahələrinə qürarla baxan və istisnasız həyatın hər sahəsində öz damğasını görməkdən zövq alan Stalin o günlərdə kölgədə qalmağı, Lenindən sonra bütün hakimiyyəti ələ keçirmək taktikası baxımından anlaşılan, zəruri iş hesab etmişdi.

Üzdən də çirkindir

1920-ci ildə Stalinin Moskva mühitində nə kimi bir şöhrətə malik olduğunu xarakterizə edən bir təsadüfü burada göstərmək istəyirəm. Moskva küçələrində gəzərkən əvvəllər tanıdığım bir fəhləyə rast gəldim. Bu hələ 1904-cü ildə Bakıda tanış olduğum Peterburjest adlı ziyalı bir fəhlə idi. Bakıda bolşevik fraksiyasına mənsub bir sosial-demokrat idi. Bakı fəhlələri arasında nüfuzu vardı. Xeyirxah və fədakarlığı ilə tanınmış bir adamdı. Peterburjest görüşdüyümüzə çox məmnun oldu. Bizi dərhal evinə apardı; evli imiş; bir çay düzəltdirib, bizi qonaq etdi. Mənim Bakıda tutulmağım və Pankratovun sədrliyi ilə bir komissiya tərəfindən istintaq edilməyimin təfsilatını bilirdi. Bunu elə həmin komissiya üzvlərindən Moskvaya gəlmiş olan birisindən öyrənmişdi. Həmin adamın anlatdığına görə mənim günlərim sayılmış imiş. Haqqımda Moskvaya verilən raportda edamım tələb olunurmuş. Fəqət oraya “Stalin yoldaş gəlincəyə qədər saxlayın”, - deyə teleqram vurulubmuş...

Peterburjets bizə bu surətlə “keçmiş olsun” dedikdən sonra “Oktyabr” inqilabından keçən dövr ərzində yaranmış vəziyyəti təhlil etməyə başladı. Özünün Lenin ilə ara-bir görüşdüyünü dedi: “Lenin yoldaş, - dedi, - rəsmi hökumət və partiya müəssisələri xaricində, işlərdən şəxsən məlumat almaq üçün inandığı köhnə dostlarından bəzilərinə müşahidə eləmək - izləmək vəzifəsi tapşırırmış. Peterburjets də Leninin “göz”lərindən biri imiş. O, bu “göz”lük vəzifəsini qərəzsiz surətdə ifa edərək Lenin yoldaşı daima məlumatla təmin edir; hərbi kommunizm rejiminin dəyişdirilməsinin lüzumunu daima ona deyirmiş.

Birisi çıxıb fəhlələrə “inqilabdan əvvəlki vəziyyəti sizə təmin edərik, bir şərtlə ki, bir daha tətil etməyin, deyirsə, bunlar bunu özlərinə böyük hörmət hesab edirlər”, - deyə Leninə xalq arasındakı əhval-ruhiyyəni çatdırırdı. Peterburjets də ümidsizliyə düşərək “nə edək?” - soruşan gənclərə “Plexanova qayıtmalı” deyə cavab verirmiş (Plexanov? rus menşeviklərinin tanınmış lideri idi).

Peterburjets əvvəldən yaxşı tanıdığı Bakının inqilabdan sonrakı əhvalı ilə maraqlanırdı. İnqilabın oranın əhvalı ilə maraqlanırdı. İnqilabın oranın məişətində nə kimi təbəddülat gətirdiyini soruşur, ona lazım olan izahatı verirdik. Söhbət dönüb-dolaşıb yoldaş Stalinin üstünə gəldi. Bizim müsahib:

- O, - dedi, - xoş niyyətli bir inqilabçı deyildir. Onun üçün başlıcası ideya deyil, sadəcə hakimiyyətdir. O, idealist sosialistlərdən çox, dəliqanlı terroristlərə istinad etmək istər. Bolşevik inqilabını cığırından çıxaran bu kimi demaqoqlardır. Görəcəksiniz, o, fəhlə sinfinin başına bəla olacaqdır. Nə cahpərəst, nə intriqan, nə qorxunc adamdır o, bilməzsiniz. Stalinə görə bombaçı olmayan birisi həqiqi revolyusioner ola bilməzmiş, heç təsadüfi deyil ki, ətrafını bu cür qafqazlılarla doldurmuşdur.

Biz Stalinin hər halda başqaları kimi çox da şöhrət sevən bir adam görünüşündə olmadığına, xüsusi həyatında təvazökar davrandığına, fotoqrafiyalarının belə digər komissarlar kimi heç bir yerdə görünmədiyinə işarə edincə, o, əlilə başı üzərindən bir jest edərək:

- Eh?.. - dedi. - Ona görə ki, kifirdir.

Bir cüt ayaqqabının verdiyi zövq

Moskvaya payızda gəlmişdik. Qış üçün yaxşı da tədarüklü deyildik. Hələ mənim ayaqlarım demək olar yalın idi. Yayda Azərbaycan dağlarında daşıdığım “çust” deyilən incə bir ayaqqabı daşıyırdım. Günlər keçir, havalar soyuyurdu. Moskvanın sərt qış günləri yaxınlaşırdı. “Hərbi kommunizmin” şiddətli günlərində ayağa bir ayaqqabı tapmaq imkansızdı. Bir ayaqqabı üçün müraciət, xahiş etmək isə heç ağlıma belə gəlməzdi. Bu kimi əskikliyə dözəcək, düşdüyümüz şəraitdə görülməsi mümkün olacaq işlərlə məşğul olacaqdıq.

“Rumyansev muzeyi” deyilən Moskvanın əski mədəni müəssisəsi yaşadığımız evin yerləşdiyi məhəllədə idi. Burada müəzzəm bir kitabxana vardı. Oraya getməyə qərar verdim. Azərbaycan tarixi və müxtəlif mövzular üzərində araşdırmalar aparırdım. Yarı ac, yarı çılpaq bir vəziyyətdə hər şeyi unutmuş, kitablara dalmışdım.

Qış qar təpələri və dondurucu havası ilə bərabər gəldi. Yay çustu ilə günü-gündən kitabxanaya getmək çətinləşirdi. Bu çətinliyi əvvəl yanımda olan qalın yun corabı geyməklə qarşıladım; sonra madam Berzanovskinin borc kimi verdiyi keçədən “valenka” dedikləri çəkmə işimə yaradı. Fəqət havalar bir az ilıqlaşıb, qarlar əriməyə başlayınca valenka artıq geyilməz oldu. O zaman təkrar Azərbaycandan gətirdiyim çust ilə qalın yun coraba qayıtdım. Fəqət hər gün tədqiqat işindən dönüncə bu corabı gözəlcə sıxıb, ocaq başında qurutmaq lazım gəlirdi.

Nəyin bahasına olursa-olsun bir ayaqqabı tədarük etmək artıq zəruri olmuşdu. Üstümüzdə qalmış bir qızıl pul var idi. Bununla bəlkə də bir cüt ayaqqabı almaq mümkün idi. Fəqət ayaqqabı haradadır, yoxdur ki alasan. Bu arada amerikalı fəhlələrdən bir hissəsinin Rusiyadakı fəhlələrə dağıtmaq üçün bir gəmi ayaqqabı gəldiyi xəbəri nəşr edildi. Bir neçə gün sonra bu ayaqqabıların “suxarovka” deyilən bazarda satlığa çıxarılacağını öyrəndik. Bunlardan bir cütünü satın almaq ümidi ilə Məhəmməd Əli ilə birlikdə bazara getdik, üstümüzdəki qızıl istənilən qiymətin əsasını təşkil etmək üzrə idi, fəqət kifayət deyildi. Əsil dəyər təşkil edən şeyləri də buna əlavə etməli idik; bu dəyərli əşyadan bir neçə iynə, bir az tikiş sapı və bir qədər də duz vermək lazımmış, bu “əmtəələr” o dövrün qızıldan da qiymətli valyuta malları idi. Şükür olsun ki, bu “valyuta” mallarından bir qədər var idi; verdik, nəhayət, ayaqqabıları aldıq. Böyük bir sevinc içində evə dönürdük. Mən öndə, Məhəmməd Əli arxada addımlayırdıq. Məhəmməd Əlinin səsini eşitdim:

- Bura bax, bu yürüş ancaq bayram hədiyyəsi alan uşaqlarda olur!

Məhəmməd Əlinin xüsusi qatarı

Moskvada Kommunist Partiyasının 8-ci qurultayı açılırdı. Bu münasibətlə Rusiyanın hər tərəfindən hökumət mərkəzinə nümayəndələr gəlmişdi. Qafqazdan da ən məşhur kommunist liderləri gəlmişdilər. Bu arada Kronştad qiyamı başlamış və bu hadisə məmləkətin hər tərəfində diqqətə şayan təsir buraxmışdı. Üsyan az bir vaxtda dərhal yatırılmışsa da, Lenin bu hadisədən dərs alaraq “hərbi kommunizm” taktikasını “nep” deyilən yeni iqtisadi siyasət taktikasına çevirmişdi. Sovet siyasətində yeni bir dövr təşkil edəcək bu hadisənin Azərbaycanda nə kimi təsirlər yaratdığını öyrənmək lazım idi; bu münasibətlə alınacaq tədbir və hərəkət xəttinin əsasını doğru olaraq təsbit edə bilmək üçün bu informasiyalara böyük bir ehtiyac var idi.

Məhəmməd Əliyə dedim ki:

- Yoldaş Stalinlə görüşdüyümüz zaman İran inqilabı haqqındakı xatirələrimdən bəhs etdiyim yadındadır. O, bunlara aid materialları dərhal dönüb, Bakıdan gətirməni istəmişdi. Mən işi sonraya saxladım. İndi əsil vaxtı gəldi. Qurultay nümayəndələri bu günlərdə Bakıya qayıdırlar; bir yolunu tapıb, onlarla birlikdə Bakıya getsən fəna olmaz, vəziyyəti öyrənmiş olarsan.

Məhəmməd Əli İran inqilabı haqqında materialları gətirmək üçün Bakıya gedəcək deyə məsələni Berzanovskiyə açırıq. Məsələ onu da maraqlandırdığından (bazar günü olmasına baxmayaraq, məsələ təcili olduğundan) dərhal telefonla məsələni Stalinə ərz edir. Stalin dərhal “Məhəmməd Əli yola çıxsın” deyə əmr edir. Nümayəndələr bir az sonra, o axşam yola çıxacaqlarından Berzanovski tələsik büroya qaçır, lazım olan kağızları hazırlayır və xüsusi olaraq qoşdurduğu komissarlıq xizəyi ilə gələrək bizi də evdən götürür. Birlikdə stansiyaya gəlirik. Gecikmişik. Nümayəndələri aparan qatar on dəqiqə əvvəl hərəkət edibmiş...

İndi nə olacaq? - deyə Berzanovski böyük bir qüssə ilə stansiya şefinə:

- Bu necə ola bilər, yoldaş Stalin əmr edib, yoldaş Məhəmməd Əli bu qatarla gedəcəkdi?..

Stansiya şefi:

- Yoldaş direktor, üzülməyin, hələ ki, gec deyil, əlacı var. Qatar iki stansiya irəlidə su almaq üçün yarım saata qədər gözləyəcək; xüsusi bir lokomotivlə bir vaqonu elə indi yola salarıq, yoldaş onunla gedər, nümayəndə qatarına yetişər.

Berzanovski:

- Bravo, yoldaş şef!.. - deyə dərin bir nəfəs aldı. On dəqiqə sonra “Məhəmməd Əlinin xüsusi qatarı” hərəkət etdi, arxasınca bir də onu gözləsinlər deyə bir teleqram vuruldu.

Kontr-revolyusioner müsavatçı Məhəmməd Əlini aralarında Orconikidze, dr. Nəriman Nərimanov, Qorxmazov, Ter-Mikaelyan və sairləri kimi bolşevik başçıları olan 8-ci Kommunist Partiyası nümayəndələrini aparan xüsusi qatar gözləyib durmalıdır; çünki...

Yoldaş Stalinin əmri icra ediləcək!..

Məhəmməd Əli getmiş, bir müddət Bakıda qalmış, vəziyyət haqqında dolğun məlumatlarla yüklü olaraq geri dönmüş, fəqət səyahətinin “əsil mövzusu olan” materialları tapıb gətirə bilməmişdi.

Əslində biz xatırlatmadıqca bunları axtaran da yox idi.

Abbasqulu Butırkadan çıxır

Kommunist Partiyası mərkəzi bürosundan Berzanovskiyə telefon edib, Rəsulzadəni dostu Abbasqulu Kazımzadə axtarır deyiblər. Dərhal getdik. Dostumuzu yanımıza gətirdik... İndi üçümüz - mən, Məhəmməd Əli və Abbasqulu - bir otaqda yaşayırıq.

Abbasqulu, xatırlayarsınız, Stalinin mənə verdiyi ilk sözə görə Moskvaya bizimlə bərabər gələcəkdi. Son dəmdə ona bu “şərəfi” vermək istəmədilər. Yerli kommunistlərin ona qarşı xüsusi bir nifrəti vardı. İdeoloji mübarizə illərində onları ən çox pozan, məğlubiyyətə uğradan o olduğundan onu mütləq incitmək və hər cür həqarətlə “alçaltmaq” istəyirdilər.

Abbasqulunu Moskvaya canilərə məxsus adi sürgün eşolonunda göndərmişdilər; həbsxanadan-həbsxanaya keçə-keçə o, nəhayət, Moskvanın Lubyanka deyilən meydanındakı məşhur Butırka zindanına salınmışdı. Bir müddət burada da “staj” keçdikdən sonra qapıları açmış, onu küçəyə atmışdılar.

Abbasqulunu bir işə qoymaq lazım gəlirdi. Onun üçün Berzanovskinin bələdçiliyi ilə yenə Stalinin yanına getdik, bu zaman o Millətlər Komissarlığı, qısaca Narkomnats (rusca Narodnıy komissariat nasionalnostey sözlərinin baş hərflərindən ibarətdir) Nazirliyi Xalq komissarı (naziri) idi.

Millətlər Komissarlığı nazirinin otağında görüşdük. Əvvəllər məşğul olduğu dəftərxana məmulatı ticarətinə münasib olaraq Abbasquluya yeni yaranmaqda olan komissarlığında təchizat məmurluğu verilməsi üçün Stalin Berzanovskiyə təlimat verdi.

Türkiyəyə gedə bilərəmmi?

Abbasqulunun işi ilə əlaqədar görüşdüyüm əsnada Stalin:

- Necə yaşayır, nə düşünür, nə edirsiniz? - deyə hal-əhval tutdu.
- Xırda-mırda işlərlə, gündəlik həyat zərurətlərilə məşğulam, - dedim.
- Həyat deyilən şey əslində elə xırda-mırda işlərdən ibarətdir, hər halda bir perspektiviniz vardır, - dedi.
- Moskvada qaldıqca bir perspektivim yoxdur, - dedim.
- Bəlkə Türkiyəyə gedəsiniz? - dedi.
- Hm... - deyə bir az düşündüm, sonra, - bəli, - dedim. - Artıq Türkiyə ilə tam anlaşmış vəziyyətdəsiniz... Bəlkə də mənim oraya getməyimə bir maneə yoxdur. İcazə versəniz bundan məmnuniyyətlə istifadə edərəm, nə deyirsiniz?.. - deyə cavab verdim.

Stalin dərhal qalxdı. Bığlarını buraraq otağın içində bir o tərəfə - bir bu tərəfə gedərək,

- Bu qərardan vaz keçin, - dedi.
- Qərar deyilən bir şey yoxdur, bu fikri indicə mənə əslində siz təlqin etdiniz, - dedim.
- Yox, təlqin etməmiş olum, - dedi.

Məsələ aydınlaşdı. Moskva yolunda ikən müəyyən ideoloji nümayəndələri olan müxaliflərə qarşı Sovet hökumətinin mərhəmət göstərdiyindən hətta Ukrayna şeflərindən Verniçenkoya xaricə getmək üçün izhar etdiyi arzunu təmin edərək rəsmən icazə verilmiş olduğundan danışan Stalinin artıq bunu bir daha təcrübədən keçirmək niyyətində olmadığı məlum oldu (bolşeviklərin Ukrayna haqqındakı tədbirlərini təqdir edən Verniçenkonun xaricə çıxdıqdan sonra fikrini dəyişdirərək sovet dövlət adamlarına qarşı müxalif bir şəkildə danışmasından bəhs edən Stalin təcrübədən keçmiş bir işi ehtimal ki, bir daha təcrübə etmək niyyətində deyildi).

Yeni mənzil, yeni məşğələ

“Təchizat məmuru” Abbasqulu dostumuzun təşəbbüsü ilə üçümüzə Millətlər Komissarlığının idarəsində Pereçistenski bulvarda yerləşən binada iki otaqdan ibarət yeni bir mənzil ayrıldı. Bu arada Şərq Dilləri İnstitutunda (sabiq Lazarev İnstitutu) fars və rus dilləri müəllimliyinə təyin olundum. Bu təyinatı mənə həmin institutun müdirliyinə təyin olunmuş tatar ziyalılarından tanışım İsməti təmin etmişdi. Az bir vaxtda buradakı şərqşünaslarla yaxşı münasibətlər, hətta dostluq yaratdım. Bunlardan birinə ədəbi mətnləri oxumaqda yardım göstərmişdim. O, bir gün mənə:

- Sizdən soruşmadan bir iş eləmişəm; sizə bir akademiya payı təmin etdik, - dedi.

Bütün instituta iki akademiya payı - “alimlərə məxsus ərzaq təyinatı” varmış. Payları bölüşdürən heyətdə bizim professor da sözü keçən üzvlərdən biri imiş. Bizim mənsub olduğumuz institut professorlarından bu iki paya ona qədər namizəd varmış. Dostum bu paylardan birinin mənim üçün ayrılmasına müvəffəq olubmuş.

Ona təşəkkür etdim. Akademiya payı deyib üstündən keçməyin. Kommunist inqilabının o hər tərəfdə qəhətlik doğuran bir zamanında ağ un, şəkər, çay, qəhvə, ət, yağ, çörək və sairədən ibarət bir ərzaq təyinatı tapmaq həddindən artıq qayani-təşəkkür ikən, bunu dostluğun həqiqi bir təzahürü olaraq almaq həqiqətən də təminedici bir şeydi.

Yeni mənzil ilə yeni məşğələ sürgündəki həyatımıza bir az fərəh gətirmişdi; yeni tətbiq olunan “nep” siyasəti nəticəsində şəhərlər arasında artan xüsusi gəliş-gedişlər sayəsində məmləkətdə təmaslar da artırdı. Maddi cəhətdən olduğu kimi, mənəvi cəhətdən də nisbətən rahat bir nəfəs almağa başlamışdıq.

Şərqşünaslar cəmiyyətinin sədri

Bir gün Millətlər Komissarlığının baş katibi Braydo görüşmək üçün məni komissarlığa dəvət etdi. Təyin olunan saatda onunla komissarlığın komissara (yəni Stalinə) məxsus otağında görüşdük. Məsələ demə nə imiş...

Millətlər Komissarlığı Şərqi öyrənmə işlərilə məşğul olacaq elmi bir cəmiyyət təşkilinə qərar vermişdir. Rusiyanın tanınmış şərqşünaslarından təşəkkül edəcək bu cəmiyyətdə sovetlərdəki millətlərin elm sahəsində nüfuz sahibi olan nümayəndələri də iştirak edəcək; mən də bu cəmiyyətin sədrliyini öhdəmə götürəcəyəmmiş.

Bu göstərilən diqqətə təşəkkür etməklə bərabər, belə bir cəmiyyətə sədr olmayacağımı dedim.

- Nə üçün? - dedi.
- Hər şeydən əvvəl özümü hər kəsdən daha yaxşı tanıdığım üçün. Mən davamızla bağlı olaraq müəyyən qədər elmlə məşğul olsam da özümü, ad və san sahibi məşhur alimlərin iştirak edəcəkləri səlahiyyətli bir elmi müəssisənin sədri olacaq bir səlahiyyətdə görmürəm.

Braydo israr etdi.

- Lüzumsuz bir təvazökarlıqdır bu! - dedi.
- Xeyr, söylədiyim bir həqiqətdir. Sizinki isə mübaliğəli bir iltifatdır, - dedim.

Braydo təkrar israr etdi. “Əllamə” olduğumu mənə isbata çalışdı. Mən də belə olmadığımı söyləyib durdum. O, yoldaş Stalin Sizdən bu vəzifəni qəbul etmənizi şəxsən rica edir, deyə ən qüvvətli arqumentini işə saldı.

Mən də:

- Ona mənim tərəfimdən təşəkkür edin, fəqət üzrümü də yetirin, - dedim.
O, yenə israr etdi, təkrar Stalinin nüfuzuna istinad etdi. Baxdım ki, məsələ ciddi bir şəkil alır. Taktikamı dəyişdirdim:
- Mən səlahiyyət sahibi dünyaca məşhur şərqşünasların toplaşdıqları bir cəmiyyətə sədr olmaq ədəbsizliyini boynuma götürə bilmərəm, fəqət çox arzu edilirsə, bu cəmiyyətdə sıravi bir üzv kimi işləyə bilərəm bəlkə... - dedim.

Braydo bu yumşalmadan məmnun bir əda ilə dərhal:

- Yaxşı, üzv olun, - dedi.
- Fəqət bunun şərti var, - dedim.
- Nədi o şərt?
- Təsəvvür olunan cəmiyyətin nizamnaməsini bir kərə tədqiqə nə ehtiyac?
- Nə olsa da, hər nizamnaməni nə qədər normal olsa da bir kərə tədqiq etmək işə ciddiyyətlə əhəmiyyət verən hər bir kəsin görəcəyi normal işdir, - dedim.
- Nizamnamə yalnız bir nüsxədir, onu başqalarına da göstəririk, - dedi.
- Böyük bir komissarlıq üçün onu çoxaltmaq elə bir iş deyil, - dedim.
- Yaxşı, - dedi, ayrıldıq.

Bir neçə gün sonra nizamnamənin istədiyim surəti gəldi. Tədqiq etdim. Maddələrindən birində üzvlərinin 51 faizinin Kommunist Partiyası nümayəndələrindən olmasının zəruri olduğunun yazıldığını gördüm.

- Hə! - deyə dərin bir nəfəs çəkdim və dərhal son qərarımı Braydoya bildirdim; Şərqşünaslıq cəmiyyətinə üzv belə olmayacağam, - dedim, - çünki bu, elmi deyil, siyasi bir cəmiyyətdir.

Şərq millətləri kommunust universiteti professorluğu

Braydonun təklifindən bir həftə sonra Pereçistinski bulvardakı mənzilimizə üç gəncdən ibarət bir heyət gəlir. Bu, Moskvada yeni təsis olunan “Şərq millətləri kommunist universiteti” tələbələri adından göndərilmiş xüsusi bir heyətdir. Bu universitet Şərq məmləkətlərində kommunizmi yaymaq üçün propaqandistlər yetişdirmək məqsədilə yaradılmışdı. Heyətin üç üzvündən biri bakılı, biri gəncəli, biri təbrizli idi. Demək, “bütün Azərbaycan” bizimlə görüşməyə gəlmişdi. Gənc yurddaşlarımı əhəmiyyət və diqqətlə dinlədim. Onlardan biri nə üçün gəldiklərini dedi.

- Universitetimizdə “Şərq ellərində inqilab hərəkatları” kafedrası boşdur, - dedi. - Buraya təyin edilmək üçün səlahiyyət sahibi bir professor axtarırlar. Biz düşündük-daşındıq, bu kafedraya Sizdən daha səlahiyyətli bir professor tapılmaz qənaətinə gəldik. Yoldaşlar bir səslə qərar verdilər və bizi Sizin yanınıza göndərdilər. Bu müəllimliyi qəbul etmək lütfünü bizdən əsirgəməmənizi rica edirik.
- Uşaqlar, gəldiyinizə çox məmnun oldum. Azərbaycanın üç mühüm mərkəzini təmsil edən heyətinizə müsbət cavab verə bilməyəcəyimə həqiqətən təəssüf etdiyimə sizi inandırıram.
- Cavabınız niyə müsbət olmasın?
- Olmaz, uşaqlar, inciməyin, amma olmaz!
- Niyə olmaz?
- Olmaz, çünki müəllim ilə tələbə arasında hər şeydən əvvəl bir səmimiyyət olması şərtdir. Mənim söyləyəcəklərimi siz daima qeyd-şərtlə qəbul edəcək, bu müsavatçı əcəba hadisələri doğrumu izah edir? - deyə düşünəcəksiniz. Mən də daima mənim söylədiklərimi bu kommunistlər əcəba tam bir etimadla dinləyirlərmi? - deyə düşünəcəyəm. Nə məndən sizə yaxşı bir müəllim, nə də sizdən mənə yaxşı bir tələbə olmaz!

Əfqanıstan səfarətini istiqbal

Qapım döyülür, “gəlin” - deyirəm. İçəri tanımadığım birisi girir.

- Mən, - deyir, - Xarici İşlər Komissarlığının məmurlarındanam. Stalin yoldaşın tövsiyəsi ilə Çiçerin yoldaş məni Sizin yanınıza göndərdi.
- Nə olub, xeyir ola?!
- Əfqanıstandan bir səfarət gəlir. Onları qarşılamaq üçün onlara Sovet hökuməti adından farsca xitab etmək lazımdır. Fars dilini isə Moskvada Sizdən yaxşı bilən yoxmuş. Yoldaş Stalin bu iş üçün yoldaş Çiçerinə Sizi tövsiyə etmişdir. Bu işi lütfən öhdənizə götürün.
- Təəssüflər olsun, edə bilmərəm!..

Sovet xariciyyə məmuru gözləmədiyi bu cavab qarşısında özünü itirdi. Çiçerin və Stalinin ricalarından ibarət olan bir təklifi Şərq Dilləri İnstitutunun bir müəllimi hansı cəsarətlə rədd edir, - deyə düşündüyünü ifadə edən bir heyrətlə:

- Niyə?! - deyir.

Bu “niyənin” cavabını səmimi olaraq vermək Bakıda “Osobı otdel”dəki müstəntiqə cavab verməkdən daha müşküldür. Ona tərcümeyi-halımı və siyasi vəziyyətimi açıb söyləyəcək deyildim ki...

- Edə bilmərəm, heç edə bilmərəm, - deyib dururdum. Məmur əl çəkmir, mütləq rəddin səbəbini öyrənmək istəyir.
- Adi bir mütərcim vəziyyətinə düşmək istəmirəm, - deyirəm; başa düşmür.
- Şərqdən gələn müsafirləri Sovet hökuməti adından qarşılamaq bir şərəfdir. Bu fürsətdən niyə istifadə etmək istəmirsiniz? - deyə israr edir.
- Adi bir mütərcim olmaqda nə şərəf varmış, - deyirəm. - Mən Xarici İşlər Komissarlığının əfqan heyəti şərəfinə tərtib etdiyi bir ziyafət və ya qəbula rəsmən dəvət olunan müsafirlər arasında olsam və burada yoldaş Çiçerin mənə müsafirlərlə müzakirələrdə lütfən tərcümanlıq vəzifəsini qəbul etməyim üçün müraciət edərsə, o zaman başqa, bu bir şərəf işi sayıla bilərdi. Başqa cür bu iş olmaz.

Məmur:

- Yaxşı, eşitdiklərimi ərz etmək üçün gedim, sonrasını fikirləşərik, - dedi getdi.

Bir neçə gün sonra İnstitutdayam. Sizi axtarırlar, dedilər. Baxdım bizim xarici işlər məmuru.

- Qapıda Sizi avtomobiliniz gözləyir. Çiçerin yoldaş Sizi əfqan elçilərinin gəlməsi münasibəti ilə təşkil ediləcək təntənəyə dəvət edir. İndi isə heyət üzvləri ilə öncədən tanış olmaq məqsədi ilə dəvət olunmuş şəxslərdən bir qismi ilə bərabər stansiyaya getməliyik.

O anda məni bir narahatlıq bürüdü, “dilimin bəlasınamı düşdüm?” - deyə içim sıxıldı. Fəqət bu anda maşına minməkdən başqa bir yol yox idi.

Tanıdığım məmurdan başqa maşında iki məmur da var idi. Bunlar mənə uzun-uzadı əfqanlara aid istiqbal proqramını başa salır, bu proqrama görə təşkil olunacaq qəbul təntənələrinə digər Sovet xadimləri ilə bir səviyyədə tutulacaq müsafir sifətilə iştirak edəcəyimi və yoldaş Çiçerinin də məndən mütərcimlik xahiş edəcəyini deyib dururdular.

Bütün bunları tam bir sükutla qarşılayan məni narahat edən əsil şey düşdüyüm bu tələdən necə sıyrılıb çıxacağım düşüncəsi idi.

Maşın dayandı. Stansiyaya gəlmişdik. Perronda bir az duracaq, müsafirləri gözləyəcəkdik. Mərasimə məsul olan adam mənə yanaşdı, səfarət heyətini istiqbal üçün istifadə olunacaq sözləri eyni ilə tərcümə etməmi xahiş etdi. Mən əvvəlcə tanış olduğum məmura:

- Şərtimiz bu deyildi, - dedim.

O, yenidən heyrətlə:

- Niyə belə edirsiniz? - deyə vəziyyəti heç cür başa düşmür.

Nəhayət, səbrim tükəndi, ona:

- Çətin də olsa, yoldaş Çiçerinin bir qəzaya uğrayaraq mühacir və ya sürgünə göndərilmiş bir adam vəziyyətinə düşdüyünü fərz edək. Bu vəziyyətdə o, adi bir mütərcimlik vəzifəsini özünə rəva görərdimi? - deyirəm.

Məmur lap özünü itirir:

- Bu nə sözdür? - deyir və dərhal enerjili bir jestlə perronun ta o başında duran digər yoldaşları ilə danışmaq üçün addımlayır, bu əsnada içimdən bir səs:
- Nə durursan!.. - deyir.

Tez perrondan çıxıb, hərəkət etməkdə olan tramvaya minirəm. Məni təhdid edən “şərəf”dən bu surətlə azad oluram.

Səfarəti gətirən qatarın bir saata qədər gecikməsi məmurları müşkül vəziyyətdən qurtarır. İnstitutdakı dosentlərdən birinin cəlb edilməsi ilə istiqbal mərasimi birtəhər baş tutur. Bunu öyrənincə mənim də narahatlığım bir az azalır.

Ertəsi gün İnstitutdakı dostlar məni tələdən qaçıb qurtarmağım münasibəti ilə təbrik edirlər.

Müsəlman qəhətzadələrinə yardım cəmiyyəti

1921-ci ildə İdil (Volqa) çayı çevrəsində qorxunc bir qəhətlik və aclıq olmuşdu. Buralarda öz əzizlərini yeyən insanların olması danışılırdı. Deyirdilər ki, qida maddəsi olan torpağı bölüşdürə bilməmək üzündən kəndlilər silahlanaraq bir-birinin üstünə hücum çəkmişlər... Aclığın doğurduğu səfalət haqqında bu cür tükürpədici təfsilat ağızdan-ağıza təkrarlanıb gedirdi. İnqilabi hadisələr və vətəndaş müharibəsinin bir nəticəsi olaraq yaranmış bu səfalət üzündən iyirmi milyona yaxın adam ölüb getmişdi.

Qəhətzədələrə yardım məqsədi ilə Moskvada yaşayan bəzi ictimai xadimlər tərəfindən “Qəhətzədələrə ümumi yardım cəmiyyəti” adı ilə xüsusi bir təşkilat təsis edilmişdi. Bu cəmiyyət cürbəcür vasitələrlə ianələr toplayır və aclıq çəkən rayonlara xüsusi dəstələr göndərərək yardım edirdilər.

Moskvada yaşayan tatar (müsəlman) ziyalılarından bir qrupu qəhətzədələrdən çoxunun türk və müsəlman əhalidən ibarət olduğunu nəzərə alaraq, “Qəhətzədələrə yardım cəmiyyəti” adı ilə bir komitə təşkili üçün rəsmi məqamlara müraciət etmişdilər. Bu məqsədlə yazılmış müraciətlərini Leninin katibi cəsarətverici bir mehribanlıqla qarşılamış, fəqət bu kimi məsələlərdə söz sahibi olan yoldaş Stalinlə də bir kərə danışmaq lazım gəldiyini bildirmişdir. Stalin isə o zaman Moskvada deyilmiş, yaxında qayıdacaqmış, onda bu məsələ üçün onunla görüşmək gərək imiş.

Qeyd olunan bu münasibətdən həvəslənən Moskvadakı müsəlman ziyalıları indi görəcəkləri işlərin planını çəkir; Müsəlman Komitəsi adından bütün islam dünyasına bəyannamələr yayaraq müsəlman qəhətzədələrinə yardım üçün müsəlman şəfqəti namına din qardaşlarının riqqəti təhrik olunacaq və nəticədə Hindistan, Misir, Türkiyə, İran, Əfqanıstan və sairə kimi məmləkətlərdən, şübhəsiz ki, böyük miqdarda ianələr gələcək, zavallı millətdaşlarımızın bu surətlə olsun ələm və iztirabları bir az da olsun azalacaqmış.

Moskva müsəlman ziyalıları niyyətlərini mənə açdılar, mənim də bu təşəbbüsə qoşulmamı istədilər. Hətta yaxında Moskvaya qayıdacaq Stalinə müsəlman ziyalıları adından göndəriləcək heyətə mənim də daxil olmamı arzu etdilər. Onlara xam xəyallara qapıldıqlarını dedim. Düşünülən bu təşkilata Sovet hökumətinin hər şeydən əvvəl prinsip baxımından icazə verməyəcəyini, praktik məqsədlər üçün olsa belə insanlara din və millət fərqini əsas tutaraq yardım təşkil etməyin kommunist internasionalizmi anlayışı ilə uyğun gəlmədiyini xatırlatdım.

Onlar mənim nəzəriyyəçilik etdiyimi, məsələnin isə felən həll edilmiş olduğunu, işin indi yalnız Stalinlə bir dəfə görüşməyə qaldığını, bunun sadəcə bir formal məsələ olduğunu irəli sürdülər və mütləq mənim də Stalinin yanına gedəcək heyətin tərkibinə daxil olmamı israrla tələb etdilər (Stalinlə olan münasibətimi mübaliğəli surətdə təsəvvür edən bunlar mənim bu heyətə girməmə xüsusi əhəmiyyət verirdilər). Mən bu təşəbbüsün müsbət bir nəticəyə varacağına inanmır, inanmadığım və öncədən nəticəsiz qalmağa məhkum olduğuna şübhə etmədiyim bir təşəbbüsdə faktiki iştirakda da bir məna görmürəm, dedim. Siz madam ki, bu təşəbbüsə girişmisiniz, işi axıra çatdırın, mənim bədbinliyim özünü doğrultmasa, iş müsbət bir nəticəyə vararsa, onda mən sizə söz verirəm, əlimdən gəldiyi qədər bu işə yardım edəcəyəm, - deyə təminat verdim.

Heyət getdi. Stalinlə görüşdü gəldi.

- Necə oldu? - dedim.
- Necə olacaq, əla! Stalin bizi gözəlcə qəbul etdi. Sizin bədbinliyinizə qətiyyən əsas yoxdur. Projelərimizi (layihələrimizi) çox faydalı və müsbət qiymətləndirdi!..
- E?..
- Yalnız bir dəfə də müsəlman kommunistlərdən soruşaq, - dedi.
- Müsəlman kommunistlər bu işin mümkün olmayacağını deyəcəklər, təbii, - dedim.

Elə də oldu. Qəti cavabı almaq üçün gedən heyətə Stalin “böyük bir təəssüflə”:

- Müsəlman kommunistləri bu işin əleyhinədirlər, - demişdi.

Azərbaycanı Azərbaycana bitişdirməlimi?

Məhəməd Əli küçədə Bakıdan yeni gələn Orconikidzeyə rast gəlmiş, Orconikidze Stalinin bizi görmək istədiyini və gəlsək Kremldə bizi qəbul edəcəyini demişdi.

Orconikidze qafqazlı bolşeviklərin qocamanlarındandı. Stalinin əski mübarizə yoldaşı idi. Qafqazın sovetləşdirilməsində mühüm bir rol oynamışdı. Bəhs etdiyimiz dövrdə də böyük komissarlıqlardan birini tutmuşdu. Stalinin ən yaxın, sevdiyi və təqdir etdiyi şəxslərdən idi. Məhəmməd Əli ilə çarlığa qarşı bərabər aparılan mübarizə dövründə tanış olmuşdular. Çar polisinin təqibinə qarşı Məhəmməd Əli onu müəyyən bir vaxt saxlamışdı. Bir-biri ilə sənlə danışırdılar. Dəvəti qəbul etdik. Təsbit olunan gün günorta vaxtı Kremlin bayır qapısındayıq. Gözətçi pəncərəsinə kimliyimizi bildirdik. Məqsədimizi dedik. Gözətçi bizi başdan-ayağa süzdü. İçəri zəng etməyə çox da cəsarət etmir, tərəddüd edirdi. Kim bilir nə düşünmüşdü. Bu əsnada onu ta İstambuldan tanıdığım Kamo peyda olur.

Kamonu 1911-ci ildə İstambulda çarizmdən qaçan bir mühacir həyatı yaşayarkən görmüşdüm. Bir gün Parisdən gəlmiş, İran məşrutə hərəkatı zamanı münasibətdə olduğum gürcü inqilabçılarından birinin tövsiyənaməsini gətirmişdi. Yanında vaxtilə Stalinin Tiflisdə, Erivan meydanında qarət etdiyi dövlət pullarından 100 manatlıq bir əskinas vardı. Bu əskinası xırdalamaq istəyirdi. Ona Sirkəçidəki sərraflara dəyməyi məsləhət gördüm. Getdi pulu xırdalaya bildi. Niyyəti bir-iki gün İstambulda qalmaq, sonra isə bir yol tapıb Qafqaza keçmək idi. Orada Türkiyə sərhəddinə yaxın bir yerdə yurd salacaq, çarizm əleyhinə bir neçə terror aktı həyata keçirəcəkdi.

Ertəsi gün qəzetlərdə bolqariyalı bir komitəçinin yaxalandığını oxudum. Qəzetlərdəki təsvirdən yaxalanan “bolqar”ın bizim Kamo olacağını təxmin etdim. Dərhal İttihad və Tərəqqi mərkəzində tanıdığım yurddaşım prof. Əli bəy Hüseynzadənin yanına getdim. Məsələni danışdım. Yaxalanan adamın bolqar çetəçiliyi ilə əlaqəsi yoxdur, bu, Rusiya çarizmindən gizlənən, qaçan bir təşkilata mənsubdur, - dedim. İşə müdaxilə etməsini xahiş etdim.

İki gün sonra bizim Kamo gəldi. Onu gündüz həbsxanaya salmış, gecələri hotelə gətirirlərmiş, yaxşı da rəftar edirlərmiş. Rus konsulxanası da onu daim tələb edib dururmuş. Bu tələbi rədd etmiş və nəhayət, azad edərək, həmin anda İstambuldan getməsini tələb etmişlər. O indi məmnun olub, təşəkkür edir və yalnız bircə dərdinin olduğunu deyirdi:

- Nə olar, bir təşəbbüs də edin, bombalarımı da geri versinlər.
- Bu artıq ağ olar, bombanı bir təhər taparsan, indilik hökumətin vəziyyətini pisləşdirməmək üçün tezcə buradan çıx get, - dedim.

İndi bu Kamo Kremlin qapısında bizə bələdçilik edir. *

Kamo dərhal telefonu götürdü. İçəri girmək icazəsini alaraq, bizi ta Stalinin apartmanına qədər müşayiət etdi.

Stalin bizi yemək otağında qəbul etdi. Orconikidze də orada hazırdı. Masada çoxdan görmədiyimiz və heç bir tərəfdə tapılmayan ağ çörək, nəfis Gürcüstan şərabı, qara Azərbaycan kürüsü və sairə vardı.

Həm yeyir, həm də danışırdı. Söhbətin təşəbbüsü Stalinin əlində idi. Bir vaxt bizə xitabla:

- Azərbaycanda bir az hökumət etdiniz. Fəqət çox dərin bir iziniz qalmışdır. Bu izlə hələ də mübarizədəyik. Təmsil etdiyiniz ideyanın təsirlərini tamamilə aradan qaldırmaq üçün daha uzun zaman və daha çox işləmək lazımdır. Xüsusilə ziyalılar millətçilik ruhu ilə aşılanmışlar, - dedi və sonra üzünü şəxsən mənə çevirərək:
- Sizcə, bu millətçilik təsirinin əsas amili nədir? - deyə soruşdu.
- Millətçilik deyilən hadisə bir insan birliyinin öz varlığını müdafiədən başqa bir şey deyildir. Fərdlərdə müdafieyi-nəfs təbii və qanuni olduğu kimi milli kollektivin öz özəlliklərini müdafiəsi də təbii bir hadisədir, - dedim.
- Yox, - dedi, - məsələ daha çox bəsitdir. Millətçilik deyilən hadisə yerli ziyalıların öz mənfəətlərini qısqanmaqdan başqa bir şey deyildir, - dedi.

Bu əsnada otağın birindən o birinə telefon başına keçən Kalinin (o zamankı Sovet İttifaqı prezidenti) peyda oldu. Stalin dərhal ona:

- Yoldaş Kalinin, Azərbaycanı Azərbaycana bitişdirmək istəmirsiniz?! - deyə xitab etdi. O isə heç dayanmadan əli ilə sərt bir jest edərək:
- Yox, yox, istəmirəm, - dedi.

Bu dialoq hər halda o vaxtlar Qafqaz Azərbaycanı kimi İran Azərbaycanının da sovetləşdirilməsi planlarından bəhslə ortada dolaşan söyləntilərin çox da səbəbsiz olmadığına bir dəlildi. Bu, dialoq məsələsinin hər necəsə Sovet yuxarı dairələrində müzakirə edilmiş olduğunu göstərirdi.

Əcaib insandır Rəsulzadə

Yemək bitdikdən sonra çay içən vaxt bir küncə oturduq. Stalin mənə:

- Braydonun təklifini qəbul etməmisiniz. Şərqi tədqiq cəmiyyətinə niyə getmək istəmədiniz? - dedi.
- O, elmi deyil, siyasi bir cəmiyyətdir. Üzvlərinin kommunist çoxluğuna sahib olması şərtdir, - dedim.
- Əsla, - dedi, - o maddə Sizin deyil, mürtəce rus professorlarının əleyhinə yönəlmiş bir maddədir.

Birinci çay stəkanını boşaldıb, ikincisinə keçdiyimiz zaman Stalin daha bir təklif etdi: Kamenevin idarəsində Rusiya inqilab hərəkatını tədqiq edən bir cəmiyyət vardır. Tədqiqlərini nəşr etmək üçün bu cəmiyyət bir jurnal da çıxarır. Siz bu jurnalın redaksiyasına girsəniz, şəxsən Sizin üçün də yaxşı olar. Sovetlərdəki türk elləri bölməsini öhdənizə götürər, redaksiya adından müxtəlif yerlərə tədqiqat səfərlərinə çıxarsınız. Bu surətlə dolayısilə müsavatçı fikirlərinizi yayar və yerlərdə özəklər də təsis edərsiniz, - dedi.

Üzünə mənalı-mənalı baxdım, içimdən Azərbaycan xalq şivəsilə aldada bilməzsən mənasına gələn “Keçəl suya getməz!” təbirini təkrarlayaraq Stalinə “yeni iltifatı” üçün təşəkkürlə dedim ki:

- Mən özünə sadiq bir adamam. Nə özümü, nə də başqalarını aldatmaq istəmərəm. Zahirdə məsləki, xasiyyəti müəyyən olan bir redaksiyaya daxil olub, batində başqa bir məqsəd güdmək əlimizdən gəlməz.

Stalin bu cavabdan sonra Orconikidzeyə döndü:

- Əcaib insandır bu Rəsulzadə. İdealizm ona mane olur. Aciz-aciz oturub durur. Heç bir arzu, heç bir ehtiyac ərz etmir, - dedi.

Sensasiyalı hadisə

Kremldən ayrıldığımız zaman Stalinin otağının yerləşdiyi koridordan çıxarkən tatar kommunistlərindən Sultan Qaliyevə rast gəldik. Sonradan milli təmayülçü suçu ilə töhmətləndirilərək edama məhkum olan Sultan Qaliyevi lap Bakıdan tanıyırdım. Moskvada onunla bir neçə dəfə görüşmüşdüm. Özünəməxsus orijinal bəzi fikirləri vardı. Bizi görər-görməz:

- Siz burada nə gəzirsiniz, - dedi.

Ona ayaqüstü izahat verəcək deyildik, təbii ki.

- Sizə bir təklifmi etdilər? - deyə maraqlandı...
- Yox canım. Sizdə bir söz var deyəsən, gələrsiniz, söhbət edərik, - dedim. Ayrıldıq.

Ertəsi gün Sultan Qaliyev gəldi. Partiya dairələrində sensasional bir xəbər yayılıbmış. Sultan Qaliyev maraqlanıb soruşur:

- Bu doğrudurmu ki, dr. Nərimanovu (o vaxt Azərbaycan Sosialist Sovet Respublikası Komissarları Şurasının sədri) götürüb, yerinə Sizi (yəni məni) gətirəcəklər...
- Yox canım, bunu haradan çıxartdınız?..
- Kreml dairələrində belə danışırlar.
- Siz ağlınızı itirdinizmi? Bu şayiələrə necə olur qulaq asırsınız?.. Dr. Nərimanın yerinə bir müsavatçı olan Rəsulzadənin gətiriləcəyi necə bəhs mövzusu ola bilər?

Bu şayiələrin, həqiqətən əgər varsa, müəyyən bir məqsədlə xüsusi uydurulub yayıldığını, Sultan Qaliyevin tez inanan adam olduğuna eyhamla izah edirəm. Fəqət içimdən bu sensasiyalı hadisə ilə bir gün əvvəl Stalinlə Kalininin arasında iki Azərbaycanın birləşdirilməsi mövzusundakı “zarafat” arasında hər halda bir münasibət aramağın əbəs olmadığı fikri də ağlıma gəlməmiş deyildir...

Bir məqalənin macərası

Əlifba məsələsinin Azərbaycanda mübahisələrə səbəb olduğu günlər idi. Ərəb hərfləri tamamilə götürülüb, yerinə latın hərflərimi qoyulsun, yoxsa ərəb hərflərinə səsli hərflər əlavə edilmək surətilə və əlifbanın sadəcə islahı iləmi kifayətlənilsin, deyə cəmiyyət iki zümrəyə ayrılmış, hər iki tərəf öz tezisini müdafiə edirdi. O zaman Azərbaycanda maarif komissarı olan Dadaş Bünyadzadə ərəb əlifbasının islahı tezisini müdafiə edirdi. Bu tezis o zamankı şərtlər və mülahizələrlə Azərbaycan vətənpərvərləri və türkçüləri tərəfindən də müdafiə olunurdu. Dadaş Bünyadzadə Moskvaya gəlişində məni ziyarət etmiş, əlifba məsələsindəki görüşümü bir layihə halında yazmamı xahiş etmiş və bu layihənin Azərbaycanda müdafiəsini şəxsən üzərinə götürəcəyini vəd etmişdi. Mən məsələ haqqındakı görüşlərimi bir məqalə şəklində Moskvada Millətlər Komissarlığı tərəfindən nəşr olunan “Jizni nasionalnostey” qəzetində nəşr etdirdim.

Bolşeviklərin ərəb hərflərini latın hərfləri ilə əvəz etdirmək xüsusunda gizli və əsil fikirlərini bildiyimizdən (ki bu fikir sonradan həyata keçirilmiş, ərəb hərfləri öncə latın hərflərinə, sonra da rus hərflərinə təbəddül edilmişdir) bu məqalədə türk elləri arasındakı mədəni əlaqələri tamamilə kəsdirməmək üçün yazılanı daha asan oxutdura bilmək məqsədini təmin edən inqilabçılara haqq verirdim. Məqaləni eynən nəşr edən bu qəzet sonunda özündən bir-iki cümlə əlavə etmiş və bu əlavə cümlələrdə “əlifbanı” islah xüsusundakı fikirlərimizin kommunizmi müvəffəqiyyətlə yaymaq niyyətindən irəli “gəldiyi” də göstərilmişdi.

Məqalənin Azərbaycandakı oxucuları, təbii, bu fikrin mənə aid olmadığını yaxşıca anlamışlarsa da bu taktikanın nəyi gözə aldığını da şübhəsiz ki, sezmişdilər. Bu münasibətlə qəzet idarəsi qarşısında verdiyim bütün protestlər nəticəsiz qalmış, göndərdiyim məktub da heç cür nəşr edilməmişdi.

Ənvər paşanın təklifi

Hələ Bakıda “Osobı otdel”in “mətbəx”ində müqəddəratımızı acizanə gözləyib qaldığımız zaman Sovet hökumətinin bütün Şərq millətlərini Avropa kapitalizmə qarşı ayağa qaldırmaq üçün tədbirlər gördüyünə aid hər gün yeni-yeni məlumatlar alırdıq.

Vaxtilə Hindistanlı Bərəkətulla əfəndi, tatar məşhurlarından Əbdürrəşid İbrahimov və Musa Begiyevin Lenin və Stalinin məşhur dekretlərini müdafiə etmək üçün islam dünyasına etdikləri xitablardan xəbərimiz vardı. Bu dəfə isə Bakıda məşhur Şərq millətləri qurultayı toplanırdı. Qurultaya Rusiya idarəsində olan türk-müsəlman millətlərindən başqa Rusiya sərhəddi xaricindəki inqilabçı ünsürlərin nümayəndələri də gəlmişdilər. Günün ən sensasiyalı hadisəsi Ənvər paşanın da bu münasibətlə Bakıya gəlməsi idi. Paşanın müsəlman əhali tərəfindən qarşılandığına dair dastan və rəvayətlər saxlandığımız həbsxananın səskeçməz divarlarından nüfuz edərək bizə qədər gəlirdi. Paşanın minmiş olduğu avtomobilin ətrafını bürümüş qələbəlikdən hərəkət etməz bir hala gəldiyi, əlini, ətəyini, maşınını öpənlər olduğunu hər kəsin “aman paşam, nə zaman qurtaracayıq?” deyə ona xitab edildiyi kameradan-kameraya danışılırdı.

Şərq millətləri qurultayında paşaya söz verməmiş, əksinə keçmişdəki siyasi fəaliyyətini acı-acı tənqid edən bir nitqlə qarşılamışlarsa da, lojada görünər-görünməz bütün qurultay ayağa qalxmış, onu əzəmətli bir şəkildə, gurultulu alqışlarla qarşılamışlar.

1918-ci ildəki məğlubiyyətlərdən sonra Ənvər paşanın Rusiyada necə peyda olduğunun təfsilatını burada anladacaq deyiləm. Yalnız onunla Moskvada ikən görüşümdə bolşeviklərlə hansı məqsədlərlə təmasa gəlmiş olduğuna və bu təmasın nə kimi bir nəticə ilə bitdiyinə aid qeydlərimi birbaşa və dolayısilə Stalinlə əlaqəsi olduğu üçün burada təsbit edəcəyəm.

Moskvaya gəlib yerləşdikdən sonra burada iki türk nümayəndəliyinin olduğunu öyrəndik. Bunlardan biri Ankara hökumətini rəsmən təmsil edən Türkiyə nümayəndəliyi idi. Digəri isə türk missiyası (Turetskaya missiya) deyilən ikinci bir heyət idi. Bu, əsil İttihad və Tərəqqi liderlərindən Ənvər paşa ilə Camal paşanın bütün islam dünyasını qurtarmaq qayəsilə təşkil etdikləri “İslam İnqilab Cəmiyyəti”nin bir bürosundan ibarət idi.

Ənvər paşa məhrumla bu türk missiyası binasında görüşdük. Onu daha əvvəl 1918-ci ildə İstambulda hakimiyyətinin ən yüksək pilləsində, hərbiyyə naziri və baş komandan müavini olaraq görmüşdüm. O zaman mən İstambulda olan Azərbaycan nümayəndə heyətinin sədri idim, Şimali Qafqaz, Gürcüstan və Ermənistan cümhuriyyətlərinin nümayəndə heyətlərilə birlikdə Mərkəzi Avropa dövlətlərinin səlahiyyətli nümayəndələrindən ibarət olacaq millətlərarası konqresdə Qafqaz cümhuriyyətləri işlərinin müzakirəsini gözləyirdik. Bu münasibətlə İstambulda, hətta ondan öncə yenə Qafqaz işlərilə əlaqədar olaraq “Gülcamal” paroxodu ilə gəldiyi Batumda paşanı görmüş, müxtəlif vəsilələrlə onunla tez-tez təmaslarda olmuşdum. Onun idealist bir inqilabçı olduğunu bilir, islami bir romantizm ruhu daşıdığına vaqifdim.

Bu dəfə ona qırmızı Moskvada rast gəlirdim. Bir gün bəyan etdiyi arzuya görə türk missiyasının katibi vəzifəsini ifa edən qafqazlı bir yoldaş vasitəsilə onunla qarşılaşdım. Mənə təmsil etməkdə olduğu cəmiyyətin qayəsini anlatdı: “Biz, dedi, bolşeviklərlə müvafiq qaldıq. İslam dünyasındakı məhkum millətlərin istiqlallarını qurtarmaq qayəsilə fəaliyyətə başlamışıq”.

Bu məqsədlə Berlində nəşr etmiş olduqları bəyannamə və “Ürvətülvüska” başlıqlı məcmuədən də bir nüsxəsini mənə verdi. XIX yüzilin ortalarına aid ittihadi-islamçı məşhur Cəmaləddin Əfqaninin vaxtilə nəşr etmiş olduğu bir qəzetin başlığını daşıyan bu məcmuə mənə çox xarakterik göründü. Bir göz gəzdirincə məcmuənin elə də çağdaş olmayan arxaik islami bir para məfhumlar, ayətlər, hədislər və klişe təbirlərlə redaktə edilmiş olduğunu gördüm.

Paşa izah edirdi: “Avropa imperializminin əlində əsir olan müsəlman millətlər özlərini qurtarmaq üçün təşkilatlanmalı; fəqət bu təşkilatların aralarında sıx bir rabitə və həmrəylik olmalıdır, yoxsa bütün bu hərəkatların müştərək qayə naminə müştərək bir mərkəzə ehtiyacları vardır”.

Bu mərkəz isə paşanın digər səlahiyyətdar yoldaşları ilə birlikdə vücuda gətirmiş olduqları cəmiyyət idi. Paşa bu cəmiyyətə bizim partiyanın, yəni Milli Azərbaycan “Müsavat” Xalq Partiyasının da qatılmasını istəyirdi; fəqət:

- “Müsavat” firqəsi Sovet hökuməti əleyhindəki müxalifətindən hələlik vaz keçməli, bu hökumətə qarşı hər cür qiyam niyyətlərindən uzaq olmalıdır. Çünki Qızıl Orduya qarşı heç nə edə bilməz; ən kiçik bir hərəkat nəticəsində məhvi-pərişan olar, bundan da bütün Azərbaycan zərər görər, türklər və müsəlmanlar qılıncdan keçirilərlər”, deyə şərt qoyurdu.
- Eyni vəziyyət Hindistandakı müsəlmanlar üçün varid deyildirmi, paşam? - deyə soruşdum.

Bu suala verdiyi cavab hərəkat xəttini bolşeviklərin Avropa kapitalistlərinə qarşı bütün Şərqi, ilk sırada müsəlman Şərqini ayağa qaldırmaq taktikasına uyğunlaşdırmaq qərarını vermiş bir adamın verəcəyi cavab idi. Məntiq və səmimiyyətdən çox uzaq olan bu cavab məni təmin etmədi, təbii, ona:

- Paşam, - dedim, - qaye özü-özlüyündə mükəmməldir. Şərq millətləri və o cümlədən müsəlman millətləri hürr və müstəqil olmalıdırlar. Biz azərbaycanlılar və dolayısı ilə biz müsavatçılar bu dava uğrunda yanmış insanlarıq. Fəqət, məncə, diqqət ediləcək mühüm bir nöqtə vardır. Sizin təsəvvür etdiyiniz müsəlman millətlərini qurtarma təşkilatı ona görə bir növ internasionaldır. Sosialist internasionalının mərkəzi Moskvadır; çünki Moskva sosializmin hal-hazırda vuruşan bir mərkəzidir. Milli istiqlal internasionalının mərkəzi də analoji olaraq bu ideyanın həyata keçməsi üçün hal-hazırda mübarizə halında olan bir yerdə, məsələn, Ankarada olması lazım gəlir. Yoxsa, mərkəzi qırmızı Moskvada olacaq bir müsəlman hərəkatı ümumi kommunist hərəkatının bir silahı olar. Belə olmaqdan çıxmaq istədiyi gün isə mövcud şərtlər daxilində məhv olduğu gündür, - dedim.

Paşa təşkilat proqramını bir kərə (K) bəylə (katib) ətraflı müzakirə etdikdən sonra bir daha görüşərik, deyə mövzunu dəyişdirdi və bir az sonra vidalaşaraq ayrıldıq.

Ənvər-Camal paşaların aqibəti

Bundan günlər, həftələr və aylar keçdikdən sonra paşanın Türküstana keçdiyi, orada “basmaçı” deyilən bolşevik əleyhdarı milli Türküstan partizanlarının başına keçib, Qızıl Ordu hissələrini müəyyən ərazidə qovduğunu və onunla müzakirəyə girişmək istəyən Moskva nümayəndələrinə Türküstandan çıxmaları xüsusunda ultimatum verdiyi xəbəri Moskvada bomba kimi partladı. Bu xəbər hər kəs üçün bir sürprizdi; hələ mənim üçün bu, yuxarıda anlatdığım təfsilata nəzərən, çaşdıracaq bir şeydi. Ehtimal olunan “Müsavat” qiyamını təqdir etməyən paşa necə oldu bu qədər qısa bir zamanda bolşeviklərin iş birliyi yaradılacaq dost deyil, onlara qarşı silah çəkiləcək düşmən bir qüvvə olduqları qənaət və qərarına gəldi, deyə heyrət içində qaldım. Paşanın mənə etdiyi təklifi Moskvada ikən o zaman Türküstanda gizli fəaliyyətdə olan Milli Birlik Cəmiyyəti liderlərinə də etdiyini və bu fikrin onun kimi dostu Camal paşa tərəfindən də müdafiə olunduğunu sonradan öyrəndim.

Türküstanda Ənvər paşanın sonu 1922-ci il avqustun 4-də intihara bənzəyən bir igidlik içində yalın qılınc pulemyot atəşinə hücum edərək şəhid düşməsinə müncər olacaq faciələr cərəyan edərkən, dostu ilə müzakirə etmək üçün Rusiyaya dönməkdə idi.

Ənvər paşanın Türküstanda bolşeviklər əleyhinə üsyan bayrağı qaldırdığı xəbərini Tiflisdə eşidən Camal paşa İran yolu ilə təkrar Əfqanıstana getmək üzrə idi. 28 iyun tarixli “İzvestiya” qəzetinə göndərdiyi məktubunda paşanın bu hərəkatını “aləmi-islamın müttəhid cəbhəsində açılan bir rəxnə” deyə təsvir edirdi.

Fəqət Camal paşanın dostu Ənvər paşanın macərasından bu şəkildə üz döndərməsi bolşeviklərin ona qarşı əhəmiyyət və etimadını cəlb etmədi və Ənvər paşanın şəhadətindən iki həftə öncə 21 iyulda Tiflisdə küçədə arxadan atılan bir güllə ilə öldürüldü.

Ənvər paşa hadisənin cərəyan etdiyi günlərdə Stalin “Pravda” qəzetində bir məqalə yazır, bu yazısında paşa ilə bərabər Türküstan millətçilərini imperializmin bir uşağı olaraq tənqid edirdi.

Stalinin Ənvər paşa haqqında cəsur olduğu qədər səbirsiz və ötkəm bir adam olduğu haqqındakı fikrini bilirdim. Bununla bərabər, o, paşanın idealizmini də etiraf edirdi.

Atattürk haqqında

Türkiyə məsələləri və ümumiyyətlə Şərqdə inqilab mövzuları ətrafında söhbət etdiyimiz zaman (yoldakı söhbətlər əsnasında) Stalinin Atatürk haqqındakı fikrini də eşitmişdim. Ümumi bir qayda olaraq strategiyanı və diplomatiyanı nəfəslərində ram edən siyasi adamların ancaq böyük dövlət adamı ola bilmələrini qeyd edən Stalin Atatürkün müqtədir bir dövlət və inqilab adamı olduğunu deyərdi, eyni zamanda yeni ümumi bir qayda olaraq yaşadığımız əsrdə dövlət idarəsində hüququ təmsil prinsipinin zehnlərdə olduqca yer etdiyini, Millət Məclisi olmadan heç bir hakimiyyətin müvəffəqiyyətlə həyata keçməyəcəyini söyləyən bu diktator Atatürkə deyir, gənc yoldaşları dəfələrlə rast gəldiyi müxalifət qarşısında səbirsizlik göstərərək idarəni tamamilə öz əlinə almasını tövsiyə etmişlərsə də Atatürkün bu fikrə ehtiyat edib yanaşmadığından bizə bəhs edirdi.

Türkiyə istiqlal hərbinin böhranlı gübnlərində

Yunanların bir ara Əskişəhərə qədər gələrək Ankaranı təhdid etdiyi günlər idi. Qırmızı Moskva dairələri Mustafa Kamal hakimiyyəti günlərinin sayılmış olduğunu düşünürdü. Stalin başçılıq etdiyi Millətlər Komissarlığının orqanı “Jizn nasionalnostey” qəzetində əfkari-ümumiyyəni Ankaranın süqutuna hazırlayan bir məqalə dərc etdi. Məqalə Türkiyənin məğlubiyyətinin səbəbini Kamal siyasətinin milliyyət məsələsində göstərdiyi geriliyə, şovinist prinsiplərindən ayrılmamasına və zəhmətkeş siniflərin mənafeyini təqdir edən acizliyinə hücum edir, vəziyyəti xilas etmək üçün hakimiyyətin daha əzmkar və idealist əllərə keçməsi lüzumunu irəli sürürdü. Eyni zamanda siyasi dairələrə yaxın olanlar arasında Ənvər paşanın komandanlığı altında Qafqazın Türkiyə sərhəddində sərhədi aşmağa hazır hərbi hissələrin fürsət gözlədiklərini əhəmiyyətlə təkrar edirdilər.

Fəqət bu dairələrin bəlkə də daxilən arzu edib gözlədikləri fəlakət yerinə türkün dönük taleyinə enən zəfər günəşi bütün görkəmi ilə parladı; bir gün sonrakı qəzetlər türk istiqlal ordusunun qaçan işğalçıları Aralıq dənizinə tökmək üzrə İzmiri hədəf alaraq irəlilədiyini xəbər verdilər.

MOSKVADAN FƏRAR

Tam bu günlərdə Bakıdan yoldaşlar gəlmiş, orada təşkilatın vəziyyətinin düzəldiyini, “Müsavat” qeyri-leqal hərəkatının canlandığını bildirmişdilər. Təşkilat arzu edərsə mənim xaricə çıxaraq orada milli hərəkatı təmsil edərək fəaliyyətə başlamanın faydalı olacağı qənaətində olduğunu bildirirdi. Digər tərəfdən, Moskvada qaldıqca ətalətə məhkum olunur və üstəlik Stalin taktikasının bizi “işə cəlb etmək” cəhdlərinə qarşı daima sayıqlıq göstərmək məcburiyyətində qalırdıq.

Yuxarıda qeyd etdiyim vəchlə inqilabın əvvəllərində bəzi misallarda gördüyümüz kimi Sovet hökumətinin müvəffəqiyyətilə öz kontrolunda olmayan bir sahəyə çıxmaq təsəvvürü də artıq meydandan qalxmış olurdu. Yeganə çarə qaçmaqdı.

Günün aktual məsələsi bu fərarı təşkil etmək və planı müvəffəqiyyətlə tətbiq etməkdi.

Bunun üçün Moskvada qalıb, mədəniyyət sahələrində olsa da, işləməyə qərar vermiş kimi davranmaq təsəvvürünü yaratmaq üsuluna keçdim. Bu məqsədlə “Vostok” adı ilə Pavloviçin idarəsində çıxan qalın bir məcmuədə nəşr edilmək üçün Sasanilər dövründəki məşhur Məzdək hərəkatı haqqında məqalə qələmə aldım. Məlum olduğu üzrə, Məzdək Sasani Qubad zamanında peyda olmuş bir kommunist peyğəmbəri idi ki, təlimi ilə şahı öz dininə döndərmiş, məmləkətində mallarla qadınların ictimailəşməsini nəzərdə tutan kommunist məzhəbinin rəsmən qəbulunu təmin etmişdi. Sonra Ənuşirəvanın qəti bir müdaxiləsi ilə bu məzhəb tərəfdarları payaya keçirdilmiş, Məzdək də edam edilmişdi.

Nəşr üçün verdiyim bu elmi məqalə ilə birlikdə bir də Azərbaycan tarixinin tədqiqi ilə məşğul olduğumu irəli sürərək, Leninqradda Elmlər Akademiyası kitabxanasında Azərbaycan tarixi ilə əlaqədar xüsusi bir neçə əlyazmanı tədqiq etmək üçün Şərq Dilləri İnstitutunda yay istirahətindən istifadə edərək Leninqrada getmək məqsədilə məzuniyyət aldım.

Leninqradda Leninqrad Şərq Dilləri İnstitutunun yayda boş olan sinif otaqlarından birində yerləşərək Akademiya kitabxanasına gedir və başda prof. Marr, Bartold və sairə olmaq üzrə akademiya professorları ilə görüşərək, Azərbaycan tarixi və ədəbiyyatına aid mövzular üzrə söhbətlər etməklə Leninqrada gəlişin həqiqi məqsədini pərdələyə bildim.

Əl altından hələ Moskvada ikən görüşdüyüm dostlarımdan aldığım tövsiyyələrə görə, xüsusilə mərhum Musa Begiyevin vasitəsilə Fin körfəzi üzərindən Finlandiyaya keçmək planının həyata keçməsi təfərrüatını hazırlamağa başladım.

Leninqraddakı tatarların bu xüsusda təcrübələri vardı. Məndən əvvəl bu təcrübədən prof. Sədri Maqsudi Arsal, redaktor Abdulla Taymas bəylər istifadə etmişdilər; və Helsinqforsa çıxaraq sovet cəhənnəmindən qurtarmışdılar. Fəqət onlar qaçarkən qış mövsümü idi. Körfəz donmuş və qarla örtülmüşdü. Bu yolu onlar xizəklə keçmişdilər. İndi isə mövsüm məktəblərin tətilə buraxıldığı bir yay mövsümüdür. Körfəzdən ancaq bir qayıqla keçmək olar. Bütün məsələ etibarlı bir qayıqçı tapmaqda idi.

Musa Begiyev məni Fin körfəzinin kənarında bir tatar evinə gətirdi. Sözləşilən fin qayıqçıları gecənin yarısında bu evə yanaşacaq, məni götürüb yola çıxacaqdılar. Gəldiyimiz evdə bir tatar müsafirinə rast gəldim. Demə bu, 1917-ci ilin mayında Moskvada toplanan məşhur Müsəlman qurultayının nümayəndələrindən imiş. Məni dərhal tanıdı. Qurultaydakı müvəffəqiyyətlərimdən həyəcanlı danışmağa başladı. Mən tez mövzunu dəyişdirdim, tarixi xatirələrin canlandırılması vaxtının olmadığını ona hiss etdirdim (konspirasiya şəraitində 1917-ci il Moskva Müsəlman qurultayının nümayəndələrinə bu ilk təsadüf deyildi). Sözləşilmiş saatda qayıqçılar gəlmədilər. Mütləq bir hadisə oldu, deyə məni narahatlıq bürüdü. Ertəsi gün oradan dərhal uzaqlaşmaq, başqa bir yerdə qalmaq lazım gəlirdi.

İkinci bir qayıqçı tutuldu. Bu dəfə göz önündəki bağ evində deyil, şəhər kənarındakı bir fin kəndində qalacaq, gecənin hamının yatdığı bir vaxtında kimsəyə sezdirmədən sahilə enəcək və qamışlıqda əvvəldən gizlədilmiş qayığa minərək dənizə çıxacaq və beləliklə Fin körfəzini keçərək qarşıdakı Finlandiya sahilinə çıxacayıq.

Qərarlaşdırılmış saatda müəyyən edilmiş bir fin kəndindəyik. Biri qoca, digəri gənc iki fin qayıqçısı bizi götürəcək. Qoca bir az rusca bilirsə, gənc yalnız fincə danışır. Müqəddəratımızı bunların əlinə təslim edəcəyik.

Kəndlinin daxmasına girincə bir sürprizlə qarşılaşıram. Burada biri qız, digəri oğlan iki tatar uşağı var. Bunlar da mənimlə bərabər yolçuluq edəcəkdilər. Ana-ataları o tərəfdə olan bu uşaqları öz ailələrinə qovuşdurmaq vəzifəsini də insanlıq naminə mən öhdəmə götürməliyəm. Əvvəlcə bilsəydim, təbii, üzərimə belə bir külfəti almazdım. Fəqət indi olan oldu, keçən keçdi qarşısındayam. Gecənin yarısında qumlar üzərində adətən sürünərək qamışlığa gəldik. Finlər qayıqlarını qamışlıqlardan çıxardılar; iki uşaq ilə bərabər məni də qayığa mindirdilər. Bizi ötürməyə gələn tatarlarla vidalaşaraq, səssizcə dənizə çıxdıq.

Qoca qayıqçı əvvəlcədən mənə xəbərdarlıq etmişdi. Danışmayacaqdıq, səs salmayacaqdıq. Çünki su keçiricidir. Səsimizi Kronştad müşahidə qülləsi dərhal eşidər. Projektorla olduğumuz nöqtəni tapar və qayığımızı pulemyot atəşinə tutar.

Hərəkət etdiyimiz gecə yağmurlu bir gecə idi. Uzun zaman şimalın məşhur aydın gecələri keçsin deyə gözləmişdim. Aydın gecələr keçmiş, arxasından aydınlıq gecələr başlamışdı. Daha gözləyə bilməzdim. Çünki məzuniyyətimin vaxtı qurtarır, Moskvaya qayıtmağımın gecikməsi şübhəyə səbəb olar; bütün planım alt-üst olardı. Onun üçün yağmurlu bir gecəni xüsusi seçmişdim.

Gecə saat 12-dən sonra dənizə çıxmış, səhər saat 7 radələrində dan yeri ağararkən fin sahilinə yaxınlaşırdıq. Yandan əsən namünasib bir külək bizi təkrar rus sərhəddinə apara bilər narahatlığı içindəyik. Qayığımız sahilə yanaşar-yanaşmaz silahlı fin gözətçiləri bizi tuturlar.

Oradan Feriokidəki qarantində on beş gün qaldıqdan sonra Helsinkiyə; Helsinkidə bir aya qədər tatar koloniyasının müsafiri olduqdan sonra Almaniyaya, oradan Parisə, Parisdən də İstambula gəldim. İstambul o zaman hələ müttəfiq ordularının işğalı altında idi. Fəqət eyni zamanda şəhərdə milli qüvvə nümayəndəsi vardı və polis də Ankara hökumətinin əlində idi.

Burada yoldaşlarla birləşərək milli nəşriyyata qərar verdik və ilk iş olaraq Stalinə, surəti aşağıda dərc olunan məktubu göndərdim:

Stalinə məktub

“Möhtərəm Stalin,

Qurtuluşum dostlarım üzərində xoş bir heyrət təsiri buraxmışdır. Onlar, təbii, haqlıdırlar. Fəhlələrdən bir çoxu müsavatçı olduqları üçün güllələnmədilərmi? Bu saatlar daxilində, adı çəkilən partiyanın rəisi olmaq hesabilə mənim qurtuluşum bir növ möcüzə imiş. Vaqiənin tərifi, bu təbirə layiqdirsə, insaf tələb edir, qeyd edim ki, bu möcüzənin səbəbi-kəraməti Sizsiniz; çünki keçmiş dostluğu unutmayaraq məni Bakı zindanından çıxarmağa lüzum gördünüz.

Moskvada olduğum iki il əsnasında dostluğumuzdan faydalandım. Bəzi məhrumiyyətlərə məruz qaldımsa da bunlar hər kəsin ümumiyyətlə yükləndiyi məhrumiyyətlərdən ibarət olub, mənə aid bir xüsusiyyətə malik deyildir. Əksinə, bəzən elə olurdu ki, bir sıra imtiyazlardan belə faydalanırdım. Bunun üçün Sizə təşəkkür edirəm.

Moskvadan ayrılarkən Sizinlə görüşə bilmədim. Çünki Rusiyanı gizlincə tərk etməyə qərar vermişdim. Bu hərəkətimdə Sizə qarşı hörmətsizlik görməyəcəyinizə ümid edirəm. Səfər üçün icazə istəmədim; işin mənfi tərəfini mülahizə etdim. Bəlkə Siz icazə verməzdiniz; o zaman hər nə cür olsa da Rusiyanı tərk etmək haqqındakı qərarımdan tamamilə vaz keçmək lazım gəlirdi. Halbuki bu, mənim üçün mümkün olan iş deyildi. Çünki bu, özümü rədd etmək və əbədi olaraq tam bir fəaliyyətsizliyə məhkum etmək demək idi. Eyni zamanda bu, Rusiyada cərəyan edən hadisələrin və hüsulə gəlməkdə olan halın dilsiz bir müşahidi qalmaq olardı.

Hazırda Rusiyada hüsulə gələn hadisələr isə bundan yüz il əvvəl cərəyan edən hadisələrdən başqa bir şey deyildir. Yüz il əvvəldə olduğu kimi indi də Rusiya müstəmləkələri bir yerə toplamaqdadır.

Taleyin hökmü ilə hakimiyyəti ələ keçirmiş kommunist firqəsi ideologiyanın bütün cəbhələrində geri çəkilə-çəkilə keçmiş rus imperiyasının bərpası fikrinə dayandı. Bu fikir isə firqənin ideoloji şüarlarından ziyadə hakim olduğu mühitin cahangiranə təmayüllərindən doğmuş bir sıra mənafe və hədəfə malikdir. Bir hökumətin rəsmi ideologiyası zadəgan şovinizmindən fəhlə kosmopolitizminə təbəddül edərsə, bundan məsələ çox da dəyişməz və ən sonunda geridə qalmış və az inkişaf etmiş millətlərin milliyyətlərindən məhrum olmasına (denasionalizə olması), digər bir milliyyətə təmsilləri (assimilizə olmaları) kimi bir nəticəyə səbəb olur. Yerli fəhlə (proletariat) sinfinə istinad iddiasilə əldə silah Qafqaz və Türküstan kimi ucqar vilayətlərdə əmələ gəlmiş olan demokratik siyasi təşəkkülləri işğal etdiyiniz zaman ümumiyyətlə, sabiq imperiyanın çarizm siyasətiylə ruslaşdırılmış müstəmləkə şəhərlərindəki rus fəhləsindən ibarət ən kiçik azlığın arzusuna uyğun olaraq böyük bir çoxluq təşkil edən yerli əhalinin ən qanuni bir haqqını kobud bir surətdə çeynəmiş olursunuz. Fəhlənin Azərbaycan və ya Türküstanda diktatura elan etməsinin Moskva diktaturasından başqa bir şey olmadığı günəş kimi aşkardır.

Əski Petroqrad dövrünün siyasəti də bundan başqa bir şey deyildi. Ucqar vilayətlərin muxtariyyat şəklindəki zahiri görünüşü də ciddi bir şey ifadə etməz. Azərbaycan xanlıqlarının ilk Qafqaz “namesnikləri” (canişinləri) zamanındakı istiqlalları indiki Qafqaz cümhuriyyətlərinin “Zakkraykom” (Zaqafqaziya vilayət komitəsi) baş katibləri zamanındakı istiqlallarından heç də az deyildi. Ortadakı fərq olsa-olsa, indiki cümhuriyyətlərin dağılması prosesi o zamankı xanlıqların dağılma prosesindən daha artıq olmasından ibarətdir.

Bolşevik partiyasının mərkəziyyətçi olduğunu bildiyimdən bu partiyanın növü özünəməxsus bir imperialist olduğunu sezmiş və zəruri bir dəyişikliyə keçə biləcəyini daha əvvəl söyləmişdim. Qeyri-ixtiyari müşahidəçi durumunda olduğumdan bu dəyişmə gözlərimin önündə baş verirdi. Moskvada olduğum iki il ərzində mən Şərq millətlərinin və xüsusilə türk ellərinin nicatının yalnız özlərində, özünü bir millət kimi tanımalarından ibarət olduğuna qəti surətdə inandım. Bunun üçün sisteminizdə millətin özünə bəslədiyi bu inamın kökündən yox edildiyini və milli anlamının milli inqilab anlamına təbdil edildiyinə soyuqqanlı baxa bilmirdim.

Sizin istədiyiniz bu mübadilə baş tuta bilməz. Şərq millətləri kommunist həyatı ilə deyil, öz milli həyatları ilə yaşamaq istəyirlər.

Bu məqsədlə də onlar özlərini əsir edən qüvvələrə qarşı mübarizə aparırlar və bu mübarizələrində onlara yardım edə biləcək müttəfiqlər axtarırlar. Bir zaman onlar Vilsonun prinsiplərinə inandılar; sizin şüarlarınız isə onlara daha cəlbedici göründü. Fəqət, heyhat, Vilson prinsipləri Versal, Trianon və Sevr müqavilələrinə müncər oldusa, sizin şüarlarınız da Ukrayna, Türküstan və Qafqazın yenidən istilası ilə nəticələndi. Buna görə də vətənim Azərbaycanın sizin işğal və əsarətinizə qarşı mübarizəyə qəhrəman Türkiyənin Antantaya qarşı yürütdüyü mücadilə qədər bir haqqı vardır.

Öz siyasi əqidəmə sadiq qalmaqla bərabər, mən eyni zamanda Sizin də xeyirxahınız qalır, şəxsinizə qarşı ehtiram hissi bəsləyirəm. Nəticədə mənə qarşı göstərdiyiniz əlaqəni heç bir zaman unutmayacağıma inanmanızı xahiş ilə Sizə yaxşı bir xidmət göstərmək fürsətini cani-dildən təmənni etdiyimi ərz edirəm. Ehtirami-tamla: Rəsulzadə Məhəmməd Əmin. Yanvar 1923 (bu məktub vaxtilə İstambulda çıxan 23.1.1923-cü il tarixli və 5 nömrəli “Yeni Qafqazya” dərgisində nəşr olunmuşdur).

Dostların müqəddəratı

Möhtərəm oxucular, yuxarıdan bəri hekayəsini anlatdığım sərgüzəştlərimdə daima digər iki dostumla - Məhəmməd Əli və Abbasqulu ilə birlikdə olduğuma şübhəsiz diqqət yetirmisiniz. Moskvada Preçirtenski bulvardakı mənzildə bərabər yaşayırdıq. Mən fərara qərar verib, bir fin qayığı ilə Finlandiyaya qaçdığım zaman onların başına nələr gəldi, deyə soruşa bilərsiniz. Mən Moskvadan məzuniyyət alıb, Leninqrada yola düşdüyüm zaman Məhəmməd Əli Narkomnats yanında mövcud olan bir kooperativin nümayəndəsi kimi Bakıda idi. Abbasqulu da sonradan bir məzuniyyət uyduraraq mən Leninqradda ikən Moskvadan Bakıya getmişdi. Fin sahilinə çıxdığımı aramızda qərarlaşdırdığımız bir vasitə ilə Bakıya bildirəcəkdim. Mənim fin qayığı ilə salamat sahilə çıxdığım xəbərini alınca, hər iki yoldaş dərhal əvvəlcədən hazırlanmış olan bir türkmən qayığına minərək Xəzər dənizinə çıxmış və günlərlə su üzündə qalaraq, nəhayət, İranın Pəhləvi (o zaman Ənzəli) limanına varmışdılar.

Yox olmağım Moskvada bir neçə gün sonra aydın olmuşsa da heç bir iz əldə edilməmiş, iş sadəcə bir çox təhqiqatlar, istintaqlar və həbslərə müncər olmuşdur.

Təfsirə möhtac olmayan bir fərq

Moskvadan fərar özbaşına anladılacaq çox həyəcanlı bir sıra təfərrüata maliksə də əsil mövzu ilə az əlaqəsi olduğundan burada təsvirdən vaz keçir, yalnız üzərimdə çox böyük bir təsir buraxan, biri Sovet Rusiyası, digəri azad və müstəqil Finlandiyaya aid iki tablonun təsvirindən burada özümü saxlaya bilməyəcəyəm.

Moskva yolunda bəzi stansiyalarda qatarımız dayanır, biz bəzən bayıra çıxır, ətrafı seyr və tədqiq edirik. Bir dəfə Don çayı üzərindəki Rostovdakı böyük şose yolunu gəzmiş, zəruri ehtiyac Məhəmməd Əlini sıxışdırdığından su tökməyə məhrəm bir yer axtararkən rostovlulardan birisi bizə Marksın müvəqqəti heykəli arxasına getməmizi tövsiyə etmişdi. Öncə şübhə ilə qarşılaşdığımız bu təklifdə sonradan şübhəli heç bir şey olmadığını şəxsən görmüş, heykəlin arxa tərəfinə yaxınlaşınca buranın həqiqətən də bir həla olduğuna heyrət etmişdik.

Xarkovda gördüyümüz mənzərə isə daha əcayibdi. Stansiya ətrafında marksizmin böyük mürşüdü və bolşevik inqilabının ən çox sitayiş olunan ideoloji simvolu Marksın gipsdən yapılmış qoca büstünün ağacdan olan əsasının yanları Qızıl Ordu nəfərlərinin ifrazatı ilə pislənmişdi.

Bu mənzərə kommunist inqilabı ünsürləri ilə kommunist idealı arasındakı mənəvi rabitə haqqında bizə qəti və aydın bir fikir verirdi.

Finlandiya Sovetlərə qarşı istiqlal mübarizəsi aparmışdı və bu mücadilədə öz istiqlal və hürriyyətini Lenin hökumətinə qəbul etdirmişdi. Finlandiya istiqlal hərbində şəhid düşənlərin qardaş məzarları üzərində Finlandiya paytaxtı Helsinkinin mərkəzində bu məmləkətə xas qranitdən bir abidə qoyulmuşdu... Finlandiyaya çıxdıqdan sonra Helsinkidəki çox sevimli və müsafirpərvər tatar koloniyasına qonaq qaldığım bir ay əsnasında hər gün yolum bu şəhidlikdən keçirdi. Hər dəfə keçəndə burada etinalı və minnətdar əllərin qoyduğu yeni çeşidli saxsılar tapırdım.

Sovetlərdə gördüyüm Marks abidəsinin halı ilə Helsinkidəki bu şəhidliyin vəziyyətinin müqayisəsi təfsirə möhtac olmasın gərək!..

NƏTİCƏ

“Fantastik adamın fantastik karyerası”na aid özəlliklər gözdən keçirilincə XII yüzil Yaxın Şərq ədəbiyyatının böyük şairi Gəncəvi Nizaminin “Həft peykər” mənzuməsində təsvir olunan qızıl köynəkli bir demaqoq tipi göz önündə canlanır.

Son dərəcə gözəl bir rus prinsesi varmış. Gözəlliyi nisbətində xudbin, qəddar və müstəbid olan bu prinses özünə tilsimli bir qala tikdirmiş və orada qalmışdı. Tilsimi qırıb, qalanı ala biləcək bir dəliqanlıya ancaq qovuşacağam, təşəbbüslərində müvəffəq olmayan gənclərin isə başlarını kəsib qala divarına asacağam, deyə elan etmişdi. Nəticədə minlərlə kəsik baş qala divarını “bəzəmişdi”.

Camaatı həyəcana gətirən bu qəddarlığa qarşı üsyan edən cəsur bir gənc əyninə qırmızı bir köynək geymiş, qanlı prinseslə evlənmək üçün deyil, tökülən bu qədər qanların intiqamını almaq məqsədilə üsyan bayrağı qaldırmışdı. Eqoist deyil, altruist bir niyyətlə hərəkətə keçən igidin başına geniş bir xalq kütləsi toplanmışdır. Nəticədə prinsesin tilsimli qalası alınmış, qırmızı köynəkli qəhrəman müvəffəq olmuşdu. Fəqət o, sözünün üstündə durmamış, qanlı prinseslə evlənmiş və taxta çıxaraq, özünü qızıl çar elan etmişdi.

Stalin XII yüzil məsəlində təsvir olunan bu “qızıl çar”ın XX yüzildə rus şərtləri daxilində yetişən real bir yarısıdır.

Dünyanın böyük bir parçasını şəxsi iqtidar və kontrolu altına alan bu qorxunc adamın ehtirası bütün dünyanı hakimiyyəti altına almaq həddində idi. Onun yeganə qayəsi insanı hər cür ideyalardan uzaq qalaraq yuxarıda adı keçən fəhlə Peterburjetsin dediyi kimi hakimiyyətə ancaq hakimiyyət üçün gəlmək və bütün dünyaya yaymaq idi.

O, rus imperializminin tarixi seyrinə hakim olan cahangirlik ənənəsinin ən qəddar bir nümayəndəsi idi!

* * *